Bu nəticəni heç kim gözləmirdi. İslandiya “dişimizə uyğun” rəqib idi. Fernandu Santuşun 11-ci oyununu nəzərə alaraq, düşünülürdü ki, get-gedə oyunda müsbət dəyişikliklər olacaq. Lakin dünənki matçda tam fərqli oyun gördük.
Sportal.az xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan millisinin İslandiyaya 5 cavabsız qolla məğlubiyyətini şərh edərkən deyib.
V.Sadıqovun sözlərinə görə, F.Santuşun oyundan öncəki çıxışları ümid verirdi ki, komanda oyuna köklənib, azarkeşləri sevindirmək üçün əlindən gələni edəcək:
“Amma oyunu izləyərkən tam fərqli mənzərənin şahidi olduq. İlk dəqiqələrdən komanda müdafiəyə qapandı. Hiss olunurdu ki, gec-tez qapımızdan top buraxacağıq. Elə də oldu. Birinci hissənin sonu və ikinci hissənin əvvəlində vurulan qoldan sonra kollektiv, ümumiyyətlə, komanda adını daşımağa layiq deyildi. Komandanı meydanda görmədik. Ən böyük problemlərdən biri də budur. Biz oyundan-oyuna F.Santuşdan tam fərqli yığma gözləyirdik. Ancaq gördüyümüz o oldu ki, bizdən heç də güclü olmayan bir rəqiblə oyunda acınacaqlı məğlubiyyətlə barışmalı olduq”.
Təcrübəli mütəxəssis böyükhesablı məğlubiyyətdən danışarkən millimizin sabiq məşqçilərini də xatırlayıb:
“Karlos Alberto Torres Polşada 0-8 hesablı məğlubiyyətdən sonra, Berti Foqts isə Xorvatiyada 6 top buraxandan sonra komandanı tərk etdi. Hər ikisi axşamüstü çamadanını yığıb getmişdi. Onlar özləri düşünüb dərk etmişdilər ki, bundan sonra komandaya xeyir verə bilməyəcəklər. Həmin vaxtlar da hamı soyuq başla 3 gün sonra baş tutacaq oyun barədə düşünürdü. Çünki atılacaq hər hansı addım komandanın əhval-ruhiyyəsinə məğlubiyyətdən də pis təsir edə bilərdi. İkinci oyunu gözləmək məsləhət görülürdü.
Şahin Diniyevin vaxtında Polşada 0-5 hesablı məğlubiyyətdən sonra komanda Bakıya gələndə rəhbərlik səviyəsində iclas çağırıldı. Orada iştirak edənlərdən biri də mən idim. Sırf mənim təklifim oldu ki, ağır Finlandiya oyunu öncəsi komandaya dəstək göstərməliyik. Və elə alındı ki, komandamız Finlandiyaya qarşı yaxşı oyun sərgiləməklə qələbə qazandı”.
Sabiq məşqçi vurğulayıb ki, hazırkı vəziyyətdən çıxış yolunun nə olduğunu demək çox çətindir:
“Pisi də, yaxşısı da yığma bizimdir. Reallıq, heyif ki, bizim xeyrimizə deyil. Bundan əlavə, məşqçinin müqaviləsinin bütün şərtlərindən xəbərimiz yoxdur. Digər tərəfdən 3 gün sonra bundan da ağır - Ukrayna ilə oyun var. Bütün bunları nəzərə alaraq, qarşıdakı üç gün ərzində komanda ətrafında ajiotaj qaldırmaq lazım deyil. Bu, oyunçulara psixoloji təsir göstərəcək. Ukrayna ilə oyuna köklənib komandaya dəstək olmalıyıq”.
AFFA rəsmisi “F.Santuş azı bir oyunluq millinin sükanı arxasında qalmalıdırmı?” sualına isə belə cavab verib:
“Fikrim istər-istəməz oraya yönəlir. Çünki bunun obyektiv və subyektiv səbəbləri var. Birdən-birə sırf F.Santuşda bütün günahları görmək nə qədər düzgündür, düzgün deyil? Düzdür, komandanın oyununa, nəticəyə cavabdeh olan şəxs F.Santuşdur. Lakin o da çıxışında bildirir ki, müqavilə şərtlərini yerinə yetirir. Komandanın oyununa görə ürəyim ağrıyır. Mən heç bir məğlubiyyətlə barışa bilmirəm”.
saytlarin hazirlanmasi