Daha öncə qeyd etdiyimiz kimi, Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern" Almaniya 2-ci Bundesliqasında evdə "Herta”ya (Berlin) 0:1 uduzub. Emreli meydana 63-cü dəqiqədə, hesab açıldıqdan sonra daxil olub. Lakin, 78-ci dəqiqədə zədələnərək meydanı tərk etməli olub.
Sportal.az xəbər verir ki, Emreli uzun müddət sonra meydanlara qayıtmasını və zədələnməsi barədə sosial şəbəkədə paylaşım edib:
"İki aylıq fasilədən sonra yenidən meydanda olmaq inanılmaz bir hiss idi, təəssüf ki, bu uzun çəkmədi. Zədə səbəbindən oyunu tərk etməli oldum və bu, təbii ki, çox ağrılı idi. Son həftələr heç də asan keçmədi, əvvəl oyun təcrübəm az idi, sonra xəstələndim, bir həftə əvvəl isə qardaşım kimi hesab etdiyim dayımoğlunun itkisini çox ağır şəkildə yaşadım. Bu oyun mənim üçün onunla vidalaşma anı olmalı idi. Təəssüf ki, hər şey başqa cür alındı. Bəlkə də elə buna görə göz yaşlarımı saxlaya bilmədim. Hiss edirdim ki, hər şey içimdə toplanıb.
Sabah həkim müayinələrindən sonra nə qədər müddət meydandan kənarda qalacağımı daha dəqiq biləcəyəm. Bütün bunlara baxmayaraq, optimist olaraq qalıram və tezliklə meydanda olmağı ümid edirəm. Nə inamımı, nə də motivasiyamı itirirəm”.
saytlarin hazirlanmasi
