Ayxan Abbasov: "Heç bir kluba hörmətsizlik etməmişəm"

20:04 - 15 Noyabr 2025

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turu çərçivəsində sabah Bakıda Fransa seçməsi ilə üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Sabah seçmə mərhələdə sonuncu oyunumuzdur. Ağır qrupda idik. Fransa millisi qrupun lideridir. Səfərdə də ağır oyun olmuşdu. Amma həqiqətən orada futbolçularımızın mübarizəsi 70-ci dəqiqəyə qədər yaxşı idi. Bilirdik ki, sonlarda rəqib üzərimizə daha çox gələcək. Sabah heyətlərində dəyişikliklər ola bilər. Yeni futbolçular var, özlərini daha çox göstərməyə çalışacaqlar. Bizdə də itkilər var. Toral Bayramov da dünən zədələndi. Onun yerinə oynayacaq futbolçulara inanırıq. Azarkeş dəstəyi olacaq. İnanıram ki, futbolçularımız ən azından yaxşı mübarizə aparacaq. Bugünkü gündə belə rəqiblə mübarizə aparmağın özü də gələcəyimiz üçün yaxşılığa doğru addım sayıla bilər.

- Robert Prosneçkidən sonra gələn məşqçilərin üslubuna baxsaq, hamısı sizin kimi müdafiə taktikası ilə oynayırdılar. Sabah bəlkə "avtobus"u kənara qoyaq, hücum edək, başqa cür oynayaq. Müdafiə futbolundan uzaqlaşmaq mümkündür?

- Müdafiə deyəndə ki, bu gün baxsaq, görərik ki, Fransa ilə oyunda bütün rəqiblər çətinlik çəkir. İslandiya ilə oyunu deyirsizsə, 2 oyun arasında çox fərq var. "Avtobus", müdafiə futbolu deyirik. Bəlkə İslandiya matçı ən çox hücum etdiyimiz oyun idi. Qol epizodlarına da girdik. Əvvəl 1-2 epziod yaradıb, sevinirdiksə, son matçda 6 qol epizodumuz oldu. Biz də hücum etmək istəyirik, futbolçularımız da. Rəqibdən çox şey asılıdır. Əsas odur ki, sabah mübarizə aparaq. Futbolda ancaq hücum etmək deyə bir şey yoxdur. Çempionlar Liqasında oynayan komandalar həm hücum edirlər, həm də müdafiə olunurlar. Təəssüf ki, biz anacaq hücumu düşünürük. Relallığımızı qəbul etmirik. Bizim özünəməxsus yanaşmamız olacaq. Rəqibi analiz edərək, hücum etməyə çalışacağıq.

- Heyətdə itkilər var. Mahir Emreli, Elvin Cəfərquliyev, Toral Bayramov olmayacaq. Sol cinah müdafiəçisi mövqeyində oynaya biləcək yeganə futbolçu Rüfət Abbasovdur. Onun 90 dəqiqə oynamağa fiziki gücü yetəcək?

- Sol cinah müdafiəçilərinin belə zədələnməsi bizi çətin duruma saldı. Rüfət Abbasov İslandiyaya qarşı oynadı. İlk oyunu idi. Gənclərə şans verməliyik. Gəncləri milliyə görünüş üçün çağırmırıq. Çağırırıqsa, deməli onlara güvənirik. Xəyal Əliyev də pis təsir bağışlamadı. Dəyişiklik ola bilər. Futbolçuların durumuna baxacağıq. İslandiya ilə matçda ağır yükləndilər. Bu gün qərar verəcəyik.

- Şahruddin Məhəmmədəliyeevin cəzası bitib. Təcrübəsi digər qapıçılardan çoxdur. Sabah qapıda kimi görəcəyik?

- Bilirik ki,1-ci qapıçımız Şahruddindir. Aydın Bayramov işinin öhdəsindən gəlməyə çalışdı. Sabah qapıda Şahruddini görəcəyik.

- Toral Bayramovun zədəsəi nə dərəcədə ciddidir?

- Əzələsində 1-ci dərəcəli dartılma var. 

- Didye Deşam bildirdi ki, Azərbaycan millisi inadkar komandadır. İbrahima Konate isə dedi ki, Azərbaycan Parisdə bizi təəccübləndirdi. Bəs nəticə ilə necə, Fransanı təəccübləndirə bilərik?

- Bütün rəqiblərə qarşı hazırlaşanda xal qaznamaq istəyirik. Müasir futbolda gözlənilməz nəticələr olur. Hər şey mümkündür. Futbolçular da xal qazanmağı çox istəyirlər. İslandiya ilə matçda qələbəyə köklənmişdik. Urkayna və İslandiyanın qrupdan çıxmaq şansı var idi. Bəzi qruplara baxırıq, hardasa bir az zəif komandalar olur ki, daha çox xal qazanasan. Bizimki isə çox möhkəm qrup idi. Sabah inanancağıq. İnam olmasa, bu işi görməyə dəyməz.

- İslandiya ilə oyundan fərqli olaraq, sabah stadion tam dolu olacaq. Azarkeşlər ulduz futbolçuları görmək üçün gəlirlər. Onları necə təəccübləndirə bilərsiz?

- Klublarımızın, millimizin rəqibi böyük komandalar olanda fərq  olur. Çalışacağıq ki, mübarizə aparaq. Azarkeşlər dəstək olacaq. İslandiya ilə matçda da belə idi. Təki, onları sevindirək.

- Fransa millisinin heyətində çox dəyişiklik olacaq. Əvvəlki komanda olmayacaq, bir az zəif ola bilərlər. Sizin üçün pristijli zəfər əldə etmək üçün fürsət ola bilər?

- Rəqibimiz qrupdan çıxıb və yəqin ki, yeni oyunçulara şans verəcəklər. Amma o futbolçular da Avropanın ən böyük komandalarında oynayırlar. Özlərini göstərməyə çalışacaqlar. Meydanda kim oynasa da, fərqi yoxdur. Eyni mübarizəni aparacağıq.

- Azərbaycan millisi üçün sabah əsas motivasiya qaynağı nə olacaq?

- Fransa millisinin xala ehtiyac var ya yox meydana qələbə üçün çıxırlar. Motivasiyamız odur ki, böyük komandaya qarşı mübarizə aparaq. Böyük oyundur. Bu cür matçlarda mübarizə aparmaq gələcək üçün yaxşıdır.

- Deyirdik ki, milliyə yerli məşqçi gəlsin. İslandiya ilə oyundan sonra isə deyirlər ki, materialımız yoxdur, legioner limiti götürülüb. Millətlər Liqasına böyük ümidimiz var. Materialı necə dəyişəcəksiz? Ortaya necə yeni material çıxacaracaqsız?

- Material var. Sadəcə formada deyillər. Səbəbləri də bəlli deyil. Bu futbolçularımız tam formada olsalar, Millətlər Liqasında yaxşı mübarizə apara bilərik. Amma ora qədər vaxt var. Futbolçular formada olmalıdır, bunun üçün isə oynamaq lazımdır. Bu gün futbolçu milliyə hazır gəlməlidir. 3-4 günə onları hazır etmək olmur. Seçim imkanımız da olmalıdır. Futbolçular öz klublarında daimi oynamalıdır. Klubda mübarizəni udmalıdırlar. 4 hücumçumuzun dördü də formada olsa, rahat olardıq. Bu dəqiqə millimizin potensialı var.

- Yenə Fransa ilə oyundan əvvəl "Oser faciəsi"nin qəhrəmanlarından biri, hazırda "Turan Tovuz"da məşqçi kimi çalışan Yunis Hüseynov sizin "bostanınıza daş atıb". Bildirib ki, Ayxan Abbasov özünü gülünc vəziyyətə salır, fikirləri məşqçiyə yaraşmır. "Turan Tovuz" haqda danışmasın filan... Bu açıqlamaya münasibətiniz necədir?

- Gəlin, oyundan qabaq bu mövzulara toxunmayaq. Bütün klublar mənim üçün eynidir. Hər birinin məşqçilərinə hörmətlə yanaşıram, heç bir kluba hörmətsizlik etməmişəm.

- Milli komandanın direktoru İlqar Qurbanov hər oyun texniki zonada yanınızda əyləşir. Bunun səbəbi nədir? Maraqlıdır ki, sizin və köməkçilərinizin bacarmadığı, bilmədiyi nəyi bilir?

- Bütün dünyada idman direktorları oturur. Təəssüf edirəm ki, belə nələrisə axtarırıq. İlqar Qurbanovdan qabaq da başqa idman direktorları orada oturub. İlqar Qurbanovun ayrı işi var, köməkçilərimin ayrı işi, mənim ayrı işim.

Mirbağırağa

Xəbər xətti