Medalın iki üzü və ya "Sabah" niyə qınanır? - haqq etdikləri çempionluğu şübhə altına salan məqamlar

13:30 - 24 Aprel 2026

Adamın inanmağı gəlməsə də, "Qarabağ" mövsümü titulsuz başa vuracaq. Ümid ölkə kubokuna idi, o da Masazırda puç oldu. "Sabah"la oyunda mübahisəyə açıq hakim qərarları aranı qarışdırdı, aləm bir-birinə dəydi. 

Sosial şəbəkələrdə qızğın müzakirələr gedir. Matçın baş hakimi Rəvan Həmzəzadəni "Sabah"a işləməkdə ittiham edir əksəriyyət. Ortada iki elə epizod var ki, belə də yozmaq olar, elə də. Hətta əcnəbi hakimlər də birmənalı olaraq rəy bildirə bilməyiblər. Lakin nisbətdə götürəndə, Həmzəzadənin "Qarabağ"a qarşı səhv qərarlar verdiyini deyənlər daha çoxdur. 

Bu mənzərə "Sabah" rəhbərliyinin də ürəyincə deyil. Bu qədər əziyyət çəkib yaxşı komanda ərsəyə gətiriblər. İndi onların gördükləri iş qalıb bir tərəfdə, daha çox hakimlik mövzusu müzakirə olunur. Premyer Liqanı izləməyənlər sosial şəbəkələrdə gedən müzakirələrə baxsa, "Sabah"ın liderliyə məhz hakimlərin hesabına yiyələnməsinə zərrə qədər şübhə etməzlər. Doğru fikir deyil, amma görüntü məhz belə yön alıb. 

"Sabah"a qarşı olan aqressiyanın bir neçə səbəbi var. Bu klubun hansısa regiona, bölgəyə aid olmaması da burada önəmli rol oynayır. "Sabah" daha çox fərdlərin, vəzifəli dövlət adamlarının klubu kimi qəbul olunur. Sosial şəbəkələrdə gedən müzakirələrdən də hiss olunan odur ki, müxtəlif səbəblər üzündən bir qismin "Sabah"a və dolayısı ilə bu klubun rəhbərliyinə xoş olmayan münasibəti var.

Bəs, "Sabah" nədə qınanır? Hansısa klubu bəyənib-bəyənməmək, hansısa insanı sevib-sevməmək şəxsi məsələdir. Hamı hamını istəmək məcburiyyətində deyil. Fakt odur ki, "Sabah" möhtəşəm mövsüm keçirir, çempionluğa da hakimlərin köməyi ilə yox, öz zəhmətləri hesabına yiyələnəcəklər. Lakin medalın iki üzü var. Azarkeşlər təfsilatı ilə bilməsələr də, futbol ictimaiyyətində hamıya məlumdur ki, AFFA-nın başında elə "Sabah" rəhbərliyi dayanıb. Əhəmiyyətli postlara bütün təyinatlar bir mərkəzdən edilir. "Sabah"ın qurucularından olan Balakişi Qasımovun AFFA-nın vitse-prezidenti vəzifəsində əyləşməsi, klubun prezidentinin İcraiyyə Komitəsində yer alması söz-söhbətlərə yol açır. Bu reallıqlar içində indi gəl kimisə inandır ki, federasiyanın "Sabah"a heç bir dəstəyi yoxdur... 

Burada ən böyük yanlış AFFA-nın bir klubun rəhbərliyinə bağlı olmasıdır. Həm federasiya, həm də "Sabah" eyni əldən idarə olunduğu müddətdə bu cür qalmaqallar hələ çox davam edəcək. 

Emin Abbasov

Xəbər xətti