"Sabah" UEFA Çempionlar Liqası III təsnifaat mərhələsinin ilk matçı çərçivəsində Danimarkada "Orhus"a 1:2 hesabı ilə uduzub.
Futbol eksperti Aslan Kərimov Azərbaycan çempionunun oyununu dəyərləndirib. Sportal.az saytına danışan mütəxəssis qarşılaşmanın maraqlı keçdiyini bildirib:
"Oyunu yaxşı dəyərləndirirəm. Dinamik, sürətli və intensiv oyun izlədik. Hesab edirəm ki, azarkeşlər üçün də çox maraqlı qarşılaşma idi. Təbii ki, oyunda üstün və zəif tərəflər görünürdü. Matçın əvvəllərində rəqib "Sabah"ı yüksək pressinqlə qarşıladı. Demək olar ki, "Orhus" təmsilçimizin ötürmə ilə oynamaq imkanını əlindən almışdı. İlk 10 dəqiqədə aqressiv təzyiq göstərməyə çalışdılar. Amma sonradan oyun balanslaşmağa doğru getdi. "Sabah"da çatışmayan cəhətlərdən biri o idi ki, oyunun əvvəlində topu özlərində çox saxlaya bilmirdilər, tez-tez top itkisinə yol verirdilər. Bu da rəqibin yüksək pressinqindən irəli gəlirdi. Bu səviyyədə keçirilən oyunlarda gərək yaranan qol fürsətlərini dəyərləndirəsən. "Orhus" üç mərkəz müdafiəçisi ilə oynamasına baxmayaraq, hücuma böyük qüvvə ilə gedirdi. Belə olan halda "Sabah" boşluqlar verirdi. Birinci hissədə Azərbaycan çempionunun 1-2 yaxşı əks-hücumu oldu və rəqibi azlıqda yaxalamağı bacardı. Amma sonluğu gətirə bilmədilər. Epizodları bir az gecikdirdilər və qol şanslarını itirdilər.
"Orhus"un üstün tərəflərindən biri sürətli kombinasiyaları idi. "Sabah" pressinq edərkən rəqib ön xətdə olan oyunçuları rahat keçə bilirdi. Bu, təmsilçimiz üçün çətin anlar yaşatdı. Rəqibin ilk qolu möhtəşəm idi, qapıçıya deyiləcək bir söz yoxdur. İkinci hissənin əvvəlində də "Orhus" hesabın verdiyi motivasiya ilə pressinq etdi. Daha sonra rəqib ikinci qolu vurdu. Buna baxmayaraq, "Sabah" rəqibi əks-hücumlarda yaxalamağı bacarmışdı. Komandamız daha çox topa sahib ola bilirdi. 0:2 hesabının "Sabah"ı həvəsdən salacağını düşünürdüm. Amma belə olmadı. Komanda hücumda çoxalmağı bacarırdı. Coy-Lens Mikelsin dirəyə dəyən epizodu oldu. Bu, tamamilə qol şansı idi. Həmin epizodda şans üz döndərdi. Amma yenə də "Sabah" qol vurmağı bacardı. Bir az da bəxt gətirsəydi, bərabərlik qolunu vurmaq olardı. Umarali Rahmonaliyevin dirəkdən qayıdan topu var. Santimetrlər məsələni həll etdi. Əslində Azərbaycan klubu ikinci qolu da vurdu. Yenə də santimetrlər ofsayda gətirib çıxardı. Hesab edirəm ki, yüksək səviyyədə keçirilən oyun idi.
Aslan Kərimov Bakıda keçiriləcək cavab görüşü ilə bağlı gözləntilərini də bölüşüb. O, "Sabah"ın pley-off-a yüksələcəyinə inandığını deyib:
Cavab matçında şanslar 50/50-dir. Hələ heç nə bitməyib. "Sabah" səfərdəki görüşdə rəqibdən daha çox yüz faizlik qol epizodları yaratdı. Evdə də bu, Valdas Dambrauskasın komandası üçün üstünlük olacaq. Üstün tərəflərimizdən biri hava şəraiti ola bilər. Danimarkada yay sərin keçir. Bir az avqustun istisi, bir az da azarkeşlərin hərarəti Masazırı "Orhus" üçün cəhənnəmə çevirə bilər. Bu, bizim üçün bir az üstünlük yarada bilər. "Sabah"ın cinah oyunçularının performansı vacib olacaq. Aleksey İsayev bu oyunçuları topla təmin edə bilən futbolçudur. Məncə komanda Bakıda qol şansları yarada biləcək. Sadəcə olaraq epizodları nə qədər qola çevirə biləcəyimizi demək çətindir. "Sabah"ın ehtiyat etməli olduğu məqamlardan biri rəqibin aut atışlarıdır. Topu cərimə meydançasının içinə qədər sürətli şəkildə ata bilirlər. Meydanın mərkəzində boşluq vermək olmaz. "Orhus" əks-hücumlardan bir göz qırpımında istifadə etməyi bacarır. "Sabah"ın Bakıda ehtiyatlı oynamaqla qol vuracağına əminəm. Mərhələni də keçə bilərlər. Amma şanslar bərabərdir."
Elçin Əlixan
saytlarin hazirlanmasi
