Çempionlar Liqasında qələbələri sıralayan "Sabah" Danimarkada məğlub oldu. Bu faktdı, amma meydanda baş verənləri qətiyyən əks etdirmir. Tarixdə nəticə qalır, təfərrüatlar yox. Lakin qarşıda hələ cavab matçı varsa, təfərrüatlar çox vacibdir. Xüsusən də, hesab arasındakı fərqin minimal olduğunu nəzərə alsaq.
Meydanda rəqibindən daha yaxşı təsir bağışlayan "Sabah"ın "Orhus"a məğlub olmasına bir neçə səbəb gətirmək olar. Ən qabarığı ələ keçən qol fürsətlərinin boşa verilməsidir. "Sabah"ın futbolçuları hücumlarda sonluğu gətirə bilsəydilər, səfərdən qələbə ilə qayıdacaqdılar. Amma bu, tək "Orhus" matçıyla bağlı deyil, "Sabah"ın əvvəlki oyunlarında da bunu müşahidə etmişik.
Belə baxanda, "Sabah" oyun ərzində rəqibinə çox qol fürsəti verməsə də, iki dəfə topu tordan çıxarmalı oldular. Boqere iki elə qol vurdu ki, qapıçı Stas Pokatilova deyiləcək söz yoxdur. Rəqib hücumçu iki öldürücü zərbəylə yarımepizodlardan qol çıxarmağı bacardı. "Sabah"ın heyətində belə hücumçu olsaydı, Danimarkadan irihesablı qələbə ilə qayıtmaq mümkün idi. Yeri gəlmişkən, Ceyms Boqereni bir neçə ildən sonra daha güclü liqalarda görsəz, təəccüblənməyin. 18 yaşlı uqandalı hücumçu zədə, eniş yaşamasa, daha üst səviyyəli klublarda çıxış edəcək.
"Sabah"ın çatışmayan cəhətlərindən söz açmışkən, bəzi futbolçuların səfər həyəcanı atmosferini üzərindən atmaqda çətinlik çəkdiyini qeyd etməliyik. Başda Stiv Solvet olmaqla... "Sabah"ın stoperi müdafiə davranışında səhvlərlə yadda qalırdı. Sevindirən odur ki, matçın sonlarında "Sabah" rəqibini bütün komponentlərdə üstələdi. Elə təəssürat yaranmışdı ki, sanki "Orhus" evdə yox, səfərdə oynayır.
Məğlubiyyətə baxmayaraq, cütün favoriti "Sabah"dır. Ümumi hesabda bir qol geriliyi aradan qaldırmaq real məsələdir. Valdas Dambrauskas dünən əyani şəkildə rəqibin çatışmayan cəhətlərini gördü, həftəboyu bunun üzərində çalışmaq imkanı olacaq. Ən çox nəzərə çarpan məqamlardan biri "Orhus"un standart vəziyyətlər zamanı çox adamla irəli çıxarkən, müdafiəyə qayıtmaqda çətinlik çəkməsidir. Dünən bundan məharətlə istifadə edən "Sabah" bir neçə təhlükəli əks-hücum təşkil etməyə nail oldu.
Azərbaycan çempionu Danimarkada keyfiyyətli oyun ortaya qoydu, pley-offa çıxacaq gücdə olduğunu göstərdi. Yəni dünəndən "Sabah"a ümid daha da böyüdü.
Həmid
saytlarin hazirlanmasi
