"90 dəqiqə ərzində yüksək pressinq etmək mümkün deyil" - Mourinyo

23:20 - 14 Sentyabr 2026

“Real”ın baş məşqçisi Joze Mourinyo komandanın pressinqi barədə fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis öz açıqlamasında bunları qeyd edib:

"Düşünmürəm ki, 90 dəqiqənin hamısında yüksək pressinq tətbiq etmək mümkündür. Açığı, belə düşünmürəm. Bu, bizim oyun üslubumuza uyğun deyil və dünyada da çox az komanda belə oynayır.

Yüksək pressinq zamanı buna uyğun şəkildə necə hərəkət etməli olduğumuzu bilməliyik. Eyni zamanda, daha geridə mövqe tutduğumuz zaman da fərqli davranmalıyıq. Müdafiədə həqiqətən güclü komanda olmaq üçün müxtəlif vəziyyətlərdə fərqli oynamağı bacarmalıyıq.

Aşağı blokda oynamaq mənim xoşuma gəlmir, amma elə futbolçular və komandalar var ki, bu üslub onlara daha çox uyğun gəlir. Mən şəxsi seçimlərimin futbolçularımın xüsusiyyətləri ilə ziddiyyət təşkil etməsini istəmirəm.

Mən bizim əsas xüsusiyyətimizə çevriləcək oyun üslubunu tapmağa çalışıram. Mənim üçün bu, yüksək pressinq etmək, rəqibin yarımmeydanında topu geri qazanmaq və cəmi üç-dörd saniyə davam edən sürətli əks-hücumdan sonra həlledici zərbə vurmaq bacarığıdır. Artıq bir neçə oyunda bunu nümayiş etdirmişik.

Amma gələcəkdə rəqib kifayət qədər bacarıqlıdırsa və öz oyununu bizə qəbul etdirməyi bacarırsa – hazırda görürəm ki, bütün komandaların belə imkanları var – aşağı blokda müdafiə olunuruqsa, vəziyyətlə passiv şəkildə barışmamalıyıq. Mən komandamda belə bir düşüncə olmasını istəmirəm: “Yaxşı, biz əks-hücumlarda güclüyük, ön xəttdə rəqibi sürətli əks-hücumla məhv edə biləcək futbolçularımız var və aşağı blokda oynamaq bizə rahatdır”.

Belə düşüncə tərzini istəmirəm. Amma eyni zamanda həddindən artıq əziyyət çəkmək də istəmirəm. Rəqib bizim zəif anlarımızdan istifadə edərək iki-üç zərbə endirsin, qapıçımız çətin seyvlər etsin və ya ard-arda dörd-beş künc zərbəsindən müdafiə olunarkən gərginlik yaşayaq. Bunu da istəmirəm. Biz balans tapmalıyıq”.

Xəbər xətti