"Sabah" rəsmisindən biletlərin vahid formada satışı ilə bağlı AÇIQLAMA

18:33 - 22 Sentyabr 2026

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi ev oyunlarını biletlərini satışa çıxarıb.

Azərbaycan çempionu 4 ev oyununun biletlərini vahid formada satışa çıxarıb. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bununla bağlı Sportal.az saytına açıqlama verib:

"UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyimiz ev oyunlarına azarkeşlər tərəfindən böyük maraq göstərilir. Satışın ilk mərhələsində təqdim olunan biletlərin qısa müddətdə alınması da bunu bir daha göstərir.

Dörd ev oyunu üçün biletlərin vahid formada satışa çıxarılmasında əsas məqsəd Çempionlar Liqasında “Sabah”ın bütün qarşılaşmalarını stadiondan izləmək və komandamıza hər oyunda dəstək olmaq istəyən azarkeşlər üçün daha əlverişli imkan yaratmaqdır. Dörd qarşılaşmaya giriş imkanı verən biletlərin Çempionlar Liqası səviyyəli oyunlar üçün münasib qiymətə təqdim olunması da məhz azarkeşlərin maraqları nəzərə alınaraq müəyyənləşdirilib.

Bu satış modeli azarkeşlərin hər oyun öncəsi ayrıca bilet axtarmasına ehtiyacı aradan qaldırır, onlara əvvəlcədən bütün ev qarşılaşmalarında yerlərini təmin etmək imkanı verir. Xüsusi olaraq qeyd edim ki, biletlər tükənməyib. Satış prosesi daha çox azarkeşin bilet əldə edə bilməsi və sistemdə yarana biləcək sıxlığın düzgün idarə olunması məqsədilə mərhələli şəkildə həyata keçirilir. 

Bəzi azarkeşlərdə biletlərin qiyməti ilə bağlı bir qədər yanlış təsəvvür formalaşıb. Qeyd edilən məbləğin hər oyun üçün nəzərdə tutulduğunu düşünürlər. Əslində isə bir bilet almaqla hər 4 oyunda iştirak edə bilərlər. Yəni biletlər üçün qeyd edilən məbləğ hər 4 oyuna şamil olunur.  

Klub olaraq azarkeşlərimizin göstərdiyi böyük marağı yüksək qiymətləndirir və anlayışlarına görə təşəkkür edirik. İnanırıq ki, Çempionlar Liqasının bütün ev oyunlarında tribunaları birlikdə dolduracaq və komandamıza güclü dəstək verəcəyik".

Xəbər xətti