FIFA 2026-cı il dünya çempionatının bilet satışından nə qədər gəlir əldə edib? - əvvəlkindən 5 dəfə çox

22:04 - 28 Oktyabr 2026

2026-cı il dünya çempionatı FIFA-ya gözləniləndən daha çox gəlir qazandırıb.

Sportal.az "The Times" nəşrinə istinadən xəbər verir ki, FIFA təxminən 5 milyard dollar gəlir əldə edib. Bu, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı ilə müqayisədə 5 dəfədən çoxdur. Həmin turnirdən 929 milyon dollar gəlir əldə olunmuşdu. Halbuki Beynəlxalq Futbol Federasiyası ilkin büdcəsində cəmi 3,3 milyard dollar gəlir nəzərdə tutmuşdu. DÇ-2026-dan əldə edilən ümumi gəlir isə təxminən 15 milyard dollar təşkil edib.

2026-cı il dünya çempionatında Qətərdəki turnirlə müqayisədə 40 oyun daha çox keçirilib – 64 əvəzinə 104 qarşılaşma baş tutub. Bununla belə, gəlirlərin kəskin artması əsasən biletlərə tətbiq edilən dinamik qiymət siyasəti və FIFA-nın öz platformasında yenidən satılan hər biletdən 30 faiz komissiya əldə etməsi ilə əlaqələndirilir.

Mənbələrin bildirdiyinə görə, ABŞ qanunvericiliyinin xüsusiyyətləri elədir ki, FIFA azarkeşlərin biletləri yüksək qiymətə almağa hazır olmasından özü yararlanmasaydı, həmin vəsaitlər bilet alverçilərinə, agentliklərə və satış platformalarına çatacaqdı.

"The Times" nəşrinin sorğusuna cavab olaraq FIFA nümayəndəsi 5 milyard dollarlıq gəlirlə bağlı məlumatı təsdiqləməyib. Bununla belə, o, Dünya Çempionatından əldə olunan gəlirlərin 211 üzv assosiasiyaya əlavə maliyyə vəsaitlərinin ayrılmasına yönəldiləcəyini bildirib.

FIFA-nın açıqlamasında deyilir:

“FIFA 2026-cı il Dünya Çempionatından əldə edilən gəlirləri növbəti illik hesabatında açıqlayacaq. Bu rəqəmlər müvafiq audit prosedurlarından keçməlidir və buna görə də hazırda ictimaiyyətə təqdim edilə bilməz.”

Xəbər xətti