"Ronaldo qayıtsa, onu mehribanlıqla qarşılayacağıq" - Portuqaliya yığmasının hücumçusu

00:15 - 31 Oktyabr 2026

Portuqaliya millisinin və “Milan”ın hücumçusu Qonsalo Ramuş Kriştiano Ronaldonun baş məşqçi ilə fikir ayrılığı səbəbindən milli komandanın düşərgəsini tərk etmək qərarına münasibət bildirib.

Sportal.az xəbər verir ki, Ramuş "Canal 11" telekanalının efirində maraqlı məqamlara toxunub:

“Kriştianonun gedişi qəribə idi. Məşqimiz var idi, amma o, artıq orada deyildi. Milli komandanın ətrafında böyük səs-küy və narahatlıq yarandı. Kriştianonun etdiyi hər şey böyük əks-səda doğurur. Baş verənlərin heç biri real görünmürdü. Biz onun həqiqətən gedib-getmədiyini belə başa düşmədik. Bu vəziyyətə göz yummaq mümkün deyil, amma biz Ronaldonun düşərgəni tərk etməsinə mane ola bilməzdik. Bu, federasiya rəhbərliyinin səlahiyyətində olan məsələdir. Belə vəziyyət heç kimə lazım deyil. Düşünürəm ki, hətta onun özü də bu qərarı düzgün hesab etmir, amma yəqin ki, onun öz səbəbləri var.

Ronaldo geri qayıtsa, nə olacaq? Onu digər milli komanda yoldaşlarımız kimi mehribanlıqla qarşılayacağıq. Məgər emosional anda verdiyi qərara görə onunla danışmağı dayandıracağıq? Əlbəttə ki, yox. Belə hallar hər kəsin başına gələ bilər. Kriştiano yenidən milli komandanın düşərgəsinə qoşulsa, onu əvvəlki kimi salamlayacağam. O, baş məşqçi və federasiya ilə yaranmış vəziyyəti yoluna qoymalıdır”.

Xəbər xətti