“Nyukasl”ın müdafiəçisi Amar Dediç polisin diqqət mərkəzinə düşüb.
Sportal.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, narahatlıq keçirən yerli sakinlərdən biri polisə müraciət edərək Nyukasl şəhərindən kənarda, kənd ərazisində yerləşən su anbarının yaxınlığında futbolçunu və onun dostunu silahla gəzdiklərini gördüyünü bildirib.
Hadisə yerinə silahlı müdaxilə bölmələrinin də daxil olduğu altı polis avtomobili göndərilib. Dediç və dostu artıq öz avtomobillərinə əyləşdikləri zaman şəhərin prestijli Darras-Holl rayonunda saxlanılıblar. Axtarış zamanı onların üzərindən yay və oxlar aşkar edilərək götürülüb.
Hər iki şəxslə söhbətdən sonra polis əməkdaşları ictimai təhlükənin olmadığı qənaətinə gəliblər. Daha sonra polis müsadirə edilən əşyaların əyləncə məqsədilə istifadə olunduğunu açıqlayıb.
Bununla belə, araşdırma davam edir. Çünki Dediç və dostunun naməlum hədəfə bir neçə ox atdığı müəyyən edilib. Onların oxları hansı hədəfə yönəltdikləri isə hələlik məlum deyil.
Qeyd edək ki, Böyük Britaniyada yay və ya arbaletlə istənilən heyvanın və quşun ovlanması qadağandır.
saytlarin hazirlanmasi
