"Qarabağ" Milsi Premyer Liqasının XI turunda "Azersun Arena"da "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.
Ağdam təmsilçisinin hücumçusu Musa Qurbanlı qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportal.az 24 yaşlı forvardın fikirlərini diqqətinizə çatdırır:
- Nəticəyə görə təəssüflənirik. Məqsədimiz qələbə qazanmaq idi. Asan olmayacağını bilirdik. "Turan Tovuz" son zamanlar yaxşı formadadır. Turnir cədvəlinin yuxarı pillələrində olan komandaların çoxuna qalib gəliblər. Qələbə qazanacağımıza inanırdıq. Çalışdıq, təəssüf ki, olmadı.
- Bu məğlubiyyət çempionluq işini çətinləşdirdi?
- Onsuz da işimiz asan deyildi. Əvvəldən çempionatın gərgin keçəcəyi bəlli idi. Çempionluğa oynayan komandaların sayı artıb, rəqiblərimiz güclüdür. Asan olmayacağını bilirdik. Çalışacağıq ki, vəziyyətdən çıxaq.
- "Qarabağ" üç oyundur qol vura bilmir. Səbəb nədir?
- Səbəbi dəqiq deyə bilmərəm. Nələrsə çatışmır ki, qol vura bilmirik. Yəqin ki, məşqçilər təhlil edəcəklər. Növbəti oyunlarda qol vurmağa çalışacağıq.
- Son vaxtlar az forma şansı qazanırsan. Komandadan ayrılmağı düşünürsən?
- Hələ çempionatın ortasıdır. Ona görə də bu haqda düşünməyə dəyməz. Çalışıram, komandaya kömək etmək üçün öz üzərimdə işləyirəm.
- Mövsümün sonu üçün əsas hədəfiniz nədir?
- Əlbəttə ki, hədəf çempionluqdur. Amma xal itkiləri ilə işimizi bir qədər çətinə saldıq. Buna baxmayaraq, sona qədər döyüşəcəyik və məqsədimizdən əl çəkməyəcəyik.
- Növbəti oyun səfərdə "Kəpəz"ə qarşı olacaq. Bu matçdan gözləntilərin nədir?
- Gözləntim yalnız qələbədir. Nə qədər xal itirsək də, hər oyuna qələbə üçün çıxırıq. Bunun üçün əlimizdən gələni edirik. Ola bilər ki, bəzən nələrsə çatışmır. Bu, futboldur,olanda olur. Hazırda edə biləcəyimiz yeganə şey səhvlərimizdən nəticə çıxarıb oyunlarda maksimum nəticə verməkdir.
saytlarin hazirlanmasi
