Qurban Qurbanovu istəməyən on birlik: biri artıq başqa dünyanın sakinidi, elə qalanları da

13:50 - 1 Dekabr 2014

Elxan Məmmədov özü də bu on birlikdən baş aça bilmir

 

Daha deməyəcəm ki, milli komandanın baş məşqçisi Qurban Qurbanov olsun. Onsuz da, milli komandaya baş məşqçinin hansı əsaslarla seçilməsi artıq milli tapmacaya çevrilib. Bu tapmacanın cavabını bilməsəm də, həmin postun yadelli üçün nəzərdə tutulduğunu dəqiq bilirəm.

 

Hərçənd, AFFA-nın baş katibi Elxan Məmmədov Qurban Qurbanovla bağlı məsələyə izah verib: İK üzvləri onun namizədliyini təklif etməyib!

 

Ümumiyyətlə, bizim bu İcraiyyə Komitəsi özü bir tapmacadır. Bu on bir nəfər iclaslarda nədən danışır və ümumiyyətlə futboldan danışırlarmı? Bu adamların açıqlamalarından da hiss olunur ki, ölkə futbolunda baş verənlərdən xəbərləri yoxdur.

 

Belə görünür ki, Elxan Məmmədov özü də bu on birlikdən baş aça bilmir. Heç bir milli komandada iş təcrübəsi olmayan Prosineçkinin nə üçün yığmamıza gətirilməsi barədə suala Elxan bəy belə cavab verib: “Çox yaxşı sualdı. Yaxşı olardı ki, həmin sualı qərardan sonra İK üzvlərinə də verəsiz”.

 

Yenə tapmaca?

 

Axı, Kazbek Tuayevlə Mirkamil Rəhimov deyiblər ki, Prosineçkinin kim tərəfindən dəvət edilməsindən xəbərləri yoxdur. Əgər futbolun içindəki İK üzvləri belə deyirlərsə, öz klubunun on illiyində iştirak eləməyə vaxt tapmayan Cahangir Hacıyevin və ya bir başqasının xorvat məşqçinin gəlişindən xəbərdar olması heç inandırıcı görünmür.

 

İcraiyyə Komitəsi ruhlar şəhərinə bənzəyir, varlığı ilə yoxluğu bilinmir. Üzvlər iclaslara səssiz gəlib, elə səssiz də gedirlər.

 

Sanki, İK üzvləri başqa dünyanın sakinləridirlər, onların arasında futbol dünyasının sakini yoxdur. İnandırım sizi ki, bəziləri ümumiyyətlə Prosineçkini tanımır, digərlərinin də onun məşqçilik etməsindən bu günə qədər xəbəri olmayıb.

 

Qurban Qurbanovu isə İK üzvləri yaxşı tanıyırlar. Ancaq nədənsə onun bu posta namizədliyini heç kim irəli sürməyib. Əslində, bunu Ələkbər Məmmədov eləməliydi. Futbolumuzun əfsanəsi həm də yaşca orada olanların hamısından böyük idi və ağsaqqal məsləhəti yerinə düşərdi. Ancaq İK-dəki on birliyin kapitanı gəmini birinci tərk etdi. O, artıq başqa dünyanın sakinidi, elə qalanları da…

 

Emin ABBASOV

 

P.S. Elxan Məmmədov məsləhət görüb ki, Prosineçki ilə bağlı sualı qərardan sonra İK üzvlərinə verək. Məmmədov kimi intellektual biri “qərardan sonra” məsləhəti verirsə, daha futbolumuzdan nə gözləyəsən? “Toydan sonra nağara” təfəkkürü ilə hara gedə bilərik?   

Xəbər xətti