Robert Prosineçki ilə milli üzvləri arasında təfəkkür körpüsü: Məşqçilər Komitəsi

13:30 - 6 Dekabr 2014

Slaven Biliçin yanında 4 illik təcrübə

                                                      

Robert Prosineçkinin millimizə təyinatı barədə kifayət qədər danışılsa da, çoxlarının diqqət yetirmədiyi bir məqam oldu. Xorvat mütəxəssis futbol ictimaiyyətimizə milli komandada iş təcrübəsi olmayan məşqçi kimi təqdim edildi. Hə, o, heç bir milliyə rəhbərlik etməyib, amma...

 

Amma Robert Prosineçkinin millidə iş təcrübəsi var, özü də, düz 4 il! O, 2006-2010-cu illərdə Xorvatiya millisində Slaven Biliçin köməkçisi olub. Yəni Prosineçkinin aktivində Biliç kimi məşqçinin yanında miilidə iş təcrübəsi var. Yeri gəlmişkən, millidən gedəndən sonra Biliç də uğursuzluq yaşadı. Amma Biliç Moskva “Lokomotiv”ində baş çıxarda bilmədisə, “Beşiktaş”da özünü tapdı.   

 

Prosineçkinin “Kayserispor” karyerası da ictimaiyyətə başdan-başa qara səhifə kimi təqdim olunub. Ki, əslində, medalın iki üzü var. Prosineçki “Kayserispor”u 2012-2013 mövsümündə ilk 6 turdan sonra qəbul etmişdi. Bu turlar ərzində “dörd böyük”dən heç biri ilə üz-üzə gəlməyən “Kayserispor” 6 oyundan 4-də məğlub olmuşdu. Ancaq yekunda Prosineçki “Kayserispor”u həmin mövsüm 5-ci eləyə bildi. Növbəti mövsüm işlər qaydasında getmədi. Prosineçki tutduğu postdan beş əlli yapışmaqdansa, mövsümün yarısında istefa verdi. Vəziyyəti daha da pisləşdirmədən istefa verməsi ilə o, həm də yeni gələn məşqçiyə şans yaratmış oldu. Çempionatın ikinci dövrəsi irəlidə idi. Yeni çalışdırıcının komandanı uçurumdan çıxarması üçün yetəri qədər vaxtı var idi. Ancaq onun yerinə gələn də bacarmadı...

 

Dünən “Futbol+” qəzetinə müsahibə verən “Xəzər Lənkəran”ın xorvat qapıçısı Tomiç Prosineçkini belə xarakterizə edib:

 

“Elə mühit yaratmır ki, hamı ondan qorxsun. Özünə qarşı qorxu yox, hörmət istəyir. Və bunun sayəsində məşqçilikdən başqa, hər bir futbolçunun böyük qardaşı ola bilir. Artıq-əksik danışmaz, heç kimin xətrinə dəyməz, prinsip aparmaz, kiminsə haqqını yeməz. Fikrimcə, milli üzvləri onunla işləməkdən zövq alacaqlar. Sadəcə, dediklərinə və verdiyi məsləhətlərə qulaq assınlar, yetər. Müdafiədə oturub “vur qabağa” prinsipinə söykənmək onluq deyil. İstər rəqib İspaniya olsun, ya da İtaliya. Komandası uduzsa da, varlığını rəqibə hiss etdirəcək. “Srvena Zvezda” ilə “Kayserispor”da elə idi. Çox güman, burda da eyni sistemlə çalışacaq. Riski sevən adamdı. Futbolçu xoşuna gəldisə, baxmır 17 yaşı var, ya 20. Firimcə, 2-3 ildən sonra azarkeşlər yenilənmiş milli görəcək. Oyun üslubu da dəyişəcək. Komanda uduzsa belə, azarkeşlər yığmanın oyunundan zövq alacaq”.   

 

Vaxtını səmərəli keçirməyə çalışan Prosineçki artıq Məşqçilər Komitəsinin üzvləri ilə də görüşüb. Ünsiyyətcillliyi ilə diqqət çəkən xorvat mütəxəssis komitənin imkanlarından düzgün yararlansa, bunun bəhrəsini görəcək. Məşqçilər Komitəsi ilk növbədə milli üzvlərinin xarakteristikası ilə bağlı hesabat hazırlayıb Prosineçkiyə təqdim etsə, çox yaxşı olar. Burada heç kimə və heç nəyə bələd olmayan Prosineçki ayrı-ayrılıqda hər bir milli üzvünün futbolçu bacarığından insani keyfiyyətlərinə qədər hesabat əldə etməlidir ki, kiminlə nə cür davranacağını da özlüyündə müəyyənləşdirə bilsin.

 

Ümumiyyətlə, Prosineçki ilə yerli futbolçular arasındakı münasibətlərin formalaşmasında Məşqçilər Komitəsi də köməyini göstərməlidir. Bir çox hallarda əcnəbi məşqçilərin yerlilərin mentalitetini bilməməsi də onun işinə mənfi təsir göstərir. Ona görə də, bu qurum Prosineçki ilə yerli futbolçular arasında təfəkkür körpüsü rolunu oynamalıdır. O təfəkkür ki, bizi yalnız futbolda deyil, bir çox sahələrdə geri salıb.

 

Emin ABBASOV

Xəbər xətti