Mövsümün uğurlu transferləri – Yovan Krneta

"Zirə" sübut etdi ki..."

 

Mövsüm sona yaxınlaşdıqca artıq müəyyən nəticələr çıxarmaq mümkündür. Sportal.az sona bir neçə tur qalmış yeni rubrika təqdim edir – “mövsümün uğurlu transferləri”. Bu rubrikada bu mövsüm Premyer Liqada özünü doğrultmuş transferlərin necə gerçəkləşdiyi, həmin transferlər ətrafında yaşanmış maraqlı məqamlarla tanış olacaqsız.

 

Bu mövsüm Premyer Liqamıza transfer olunmuş mərkəz müdafiəçiləri haqqında danışanda ilk ağıla gələn Yovan Krneta olur. “Zirə”nin çempionatda ən az qol buraxan üç kollektivdən biri olmasında onun əməyi kifayət qədər böyükdür. 23 yaşlı serb futbolçunun ölkəmizə gəlişinin təfərrüatlarını öyrənmək üçün onun meneceri Erkin İbrahimovla əlaqə saxladıq.

 

Erkin bəy Yovan Krnetanın transferi ilə bağlı xeyli maraqlı məqamlar danışdı:

 

“Hər transfer mövsümündən əvvəl Azərbaycan futbolunda problemli mövqelərə oyunçuların siyahısını hazırlayıram. Açığı, Yovan o siyahıda yox idi. Sıyahıda olanlardan elələri var idi ki, onlar “Zirə”ni qane etmirdi, elələri də var idi ki, istədikləri məbləğ çox böyük idi. Ona görə də, elə futbolçu axtarırdım ki, həm qiyməti münasib olsun, həm də səviyyəsi.

 

Düzü, mən agentlər vasitəsi ilə işləməyi xoşlamıram və hər zaman futbolçularla birbaşa bağlantı qurmağa çalışıram. Sadəcə, hər regionda olduğu kimi, balkanlarda da sınanmış adam var ki, menecer deyil, futbolçu olub və ən vacibi odur ki, Azərbaycan çempionatını izləyir. Çünki iki-üç il əvvəl başqa bir serb futbolçunun bizim klublardan birinə keçidində iştirak edib. O, Yovanı mənə təklif eləyəndə, cv-nə, oyunlardan görüntülərinə baxdım və inanmadım ki, buralara gələr. Açıq deyək ki, “Zirə” ölkəmizin varlı klublarından deyil və Yovan üçün təklif etdikləri məbləğ də böyük deyildi. Məsələ burasındadır ki, Yovan Avropanın adlı-sanlı, tarixi olan klublarından birinə keçməyə yaxın idi. Lakin bu transfer zamanı araya çox adam girdi və keçid baş tutmadı. Artıq iyul ayı idi və özü də narahat idi ki, hələ də klubsuz qalıb. Mənimlə söhbətində də demişdi ki, hətta maliyyə şərtləri aşağı da olsa, ilk real təklifi qəbul edəcək. Çünki avqust ayının əvvəllərində əksər Avropa ölkələrində yeni mövsüm start götürürdü və o, heç olmasa 10-15 gün təlim-məşq toplanışında iştirak etmək istəyirdi ki, mövsümə hazır başlasın.

 

 

Adam 18-19 yaşında “Srvena Zvezda”da oynayıb, ondan sonra “Çernomorets” kimi klubda çıxış eləyib. Yeri gəlmişkən, “Zirə” sübüt etdi ki, heç də Roman Qriqorçuk kimi “Çernomorets”dən “Qəbələ”yə şişirdilmiş qiymətlərlə futbolçu gətirmək lazım deyil. İnanın mənə, Krneta “Zirə”də Qay və Antonovun “Qəbələ”də aldığından 6-7 dəfə az məbləğə oynayır. Yəqin hamı razılaşar ki, bu gün Premyer Liqada Krneta mərkəz müdafiəçiləri arasında ən yaxşılardandır. Sevinirəm ki, “Zirə” klubuna bu cür futbolçunu məsləhət görmüşəm. Bu klubla işləmək mənə xoşdu. Yeni yaransa da, bu klubun iddiası böyükdür və ən əsası bizim iş fəlsəfəmiz uyğundur. Çünki mən də o fikirdəyəm ki, az məbləğə səviyyəli futbolçular tapıb gətirmək lazımdır.

 

Bu yaxınlarda Yovanla görüşüb gələn mövsümlə bağlı bəzi müzakirələr apardıq. O özü də “Zirə”də qalmaq istəyir. Çünki hal-hazırda Avropada “Zirə” kimi maaşları vaxtlı-vaxtında verən klub çox azdır. Digər tərəfdən “Zirə”də ona çox sayğı ilə yanaşırlar, komanda yoldaşları ilə də qaynayıb-qarışır. Ancaq maliyyədən də çox şey asılı olacaq. Çünki Yovan hələ evlənməsə də, ailəsinə çox bağlı adamdı. Mən elə başa düşürəm ki, valideynləri, bacı və qardaşları və ümumiyyətlə ailəsinin yükü onun üzərindədi. Yəni, Rusiyadan, Türkiyədən sərfəli təklif gəlsə, yəqin ki fikirləşə bilər. “Zirə” hələ ki, futbolçularla yeni müqavilə barəsində danışıq aparmayıb. Ancaq ümid edirəm ki, bizim “Zirə” ilə əməkdaşlığımız davam edəcək”. 

Tarix: 29 Aprel [16:22]
Oxunub: 690 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Fevral 2017
27  Fevral 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio