Nadir Nəbiyev: "Tovuz futbolsuz qala bilməz"

15:25 - 13 May 2017

Dünən AFFA-nın lisenziyalaşdırma qrupunun iclasında 8 komandaya lisenziya verilməsi ilə bağlı qərar verilib.

 

Sportal.az xəbər verir ki, I Divizion klublarından yalnız “Səbail” kbu hüquqa yiyələndi. Çempion “Turan Tovuz” maliyyə problemi üzündən lisenziya ala bilməyib. Bu haqda klubun icraçı direktoru Nadir Nəbiyev açıqlama verib. O, əvvəlcə lisenziyalaşdırma qrupunun qərarı haqda danışıb:

 

“Biz bu qərarı gözləyirdik. Çünki sponsor tapmaqda çətinlik çəkirik. Maliyyə məsələsindən başqa bütün meyarlar üzrə sənədlərimiz qaydasındadı. Hazırda da sponsor və maliyyə dəstəyi axtarışındayıq. Ümidimizi üzməmişik. AFFA da “Turan Tovuz”un Premyer Liqada iştirak etməsində maraqlıdı. Klubumuzun yaşamasında AFFA-nın əməyi danılmazdı. Onların maddi dəstəyi ilə ayaqda qalmışıq, çempion olmuşuq. Qeyd etdiyim kimi hələ ümidliyik. Axtarışlarımız davam edir”.

 

“Turan Tovuz”un lisenziya ala bilməməsinə azarkeşlər də narahatlığını bildiriblər. Klub rəsmisi bu haqda da danışıb:

 

“Bizim çempion olmağımızda ən böyük qüvvə sadiq azarkeşlərimizdi. İl boyu bütün oyunlarda bizə inanılmaz dəstək verdilər. Onların narahatlığını başa düşürük. Azarkeşlərimizə də, klubumuza da Premyer Liqa yaraşır. Amma qeyd etdiyim kimi maddi problemlər bu istəyimizi reallaşdırmağa imkan vermir. Azarkeşlərimizi səbrli olmağa çağırıram. Onların dəstəyini hər zaman hiss etmişik. Onlar tək oyunlarda 90 dəqiqə yox, hər gün hər saat komandanın yanında olub, dəstəklərini nümayiş etdiriblər. Bu ilki tribunamız bir şeyi bizlərə göstərdi - son dövrlərdə “Turan Tovuz” belə dəstək görməmişdi, azarkeşlərimiz də belə əzmkar “Turan Tovuz”.

 

Nəbiyev klubun bundan sonrakı aqibəti haqda bunları deyib: “Son ana qədər çalışacağıq ki, sponsor məsələsi həll olunsun və azarkeşlərimiz sevinsin. Mümkün olmayacağı təqdirdə I Divizionda yeni mövsümə hazırlaşacağıq. Tovuz futbolsuz qala bilməz”.

Xəbər xətti