Qurban Qurbanov: "Quqeşaşvili və Andradenin transferi ilə kifayətlənmək istəmirik"

16:16 - 8 Yanvar 2022

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sportinfo TV"nin “Youtube” kanalına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı “Yagelloniya”nın qapıçısı Luka Quqeşaşvili və “Çerno More”nin yarımmüdafiəçisi Leandro Andrade ilə anlaşdıqlarını təsdiqləyib. Qurbanov transfer çalışmalarının davam etdiyini vurğulayıb:

 

“Transfer məsələləri həmişə çətin başa gəlir, xüsusən də qış fasiləsi zamanı. Quqeşaşvili və Andradenin gəlişi ilə kifayətlənmək istəmirik. Danışıq apardığımız başqa legionerlər də var. Sadəcə, bu elə məsələdir ki, futbolçu bura gəlib çıxana, tibbi baxışdan keçənə kimi əminliklə danışmaq olmur. Gərək müqavilə sənədinə atılan imzanın mürəkkəbinin qurumasını gözləyəsən”.

 

Qurbanov əlavə edib ki, əcnəbi futbolçuları Azərbaycana gətirmək çətindir: “Səbəblər və problemlər çoxdur. Futbolçunun özü və klubu irəli sürdüyümüz şərtlərlə razılaşır, amma görürsən ki, xanımı ölkəni dəyişmək istəmir. Belə incə nüanslar var”.

 

Qeyd edək ki, “Qarabağ” qış fasiləsində Ukraynanın “Minay” klubundan Rüstəm Əhmədzadəni də transfer edib.

Xəbər xətti