Qurban Qurbanov: "Bu oyunu analiz etdikdən sonra komandam üçün çox faydası olacaq"

21:20 - 7 Fevral 2022

"Qarabağ" Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində səfərdə "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xalı yaxşı oyunla qazandılar. Yaxşı komandaya qarşı oynayırdıq, rəqib də istəkliydi. Komandada bəzi epizodlarda arxayınlıq oldu, rəqib də bundan istifadə edirdi. Qələbə öz yerində, inanıram ki, bu oyunu analiz etdikdən sonra komandam üçün çox faydası olacaq. Çünki, bəzi məqamlar var idi ki, həmin epizodlarda daha dəqiq, daha diqqətli olmalıydıq. Hər bir halda futbolçularımdan razı qaldım. Çox istəkliydilər. İnanıram ki, azarkeşlər də razı qaldı. Hər iki komandanın azarkeşləri möhtəşəm idi. 

 

- 3 əsas oyunçunun adı iştirak ərizəsində yox idi. Qara, Vadji, Maksim..

- Maksim kubok oyununda zədələnmişdi. Mikro zədəsi var idi. Ciddiyə də almaq olar. Hər şey yaxşıya doğru gedir. Durumunun necə olduğu tam bilinəcək. Vadji dünən özünü narahat hiss etdi. Qızdırması var idi. Bu gün test etdik, neqativ çıxdı. Sadəcə dünənki halına görə bu gün risk etmədik. Qarada “Keşlə” ilə oyundan sonra pozitiv olmuşdu, temperaturu var idi. 2 gündür ki, bizimlə məşqlərə başlayıb.

 

- Oyunun sonlarında çox əsəbi görünürdüz..

- Hakimlərə etiraz etmirdim. Öz oyunçularımıza təkrarlanmış səhvlərə görə etirazımı bildirdim. İş prinsiplərindən biridi, aqressiv formada bildirdim ki, daha diqqətli olsunlar.

 

- Fransadan hansısa oyunçuya 3 illik müqavilə təklif edilib...

- Çox futbolçulara müqavilə təklif etmişik, danışıqlar gedir. O da sırada olanlardan biridi. 

 

- Ad açıqlaya bilməzsiniz?

- Xeyr.

 

- “Neftçi”ni xeyli geridə qoydunuz. Arxayınlıq olacaq?

- İnanmıram. Çünki həmişə çalışırıq ki, öz futbolçularımız futbola sevgi ilə yanaşsınlar. Əgər bu, varsa, inanmıram arxayınlıq olsun. Hər oyundan həzz almalıdılar, meydana qələbə qazanmaq üçün çıxırıq. Uğurlu seriyadan sonra bəzən gözləyirik ki, hansı oyunda arxayınlıq olacaq. Qarşıdakı matçlarda daha baxımlı oyun göstərməliyik ki, azarkeşlərimiz razı qalsın.

Xəbər xətti