"Qarabağ" Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Keşlə"ni 6:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm. Çox intizamlı, dinamik oynadılar. Yaxşı oyunla yaxşı qələbə əldə etdik.
- Mütəxəssislər belə fikir irəli sürür ki, bu mövsüm Kadi və Zubir "Qarabağ"ın əsas qol silahıdır. Bu gün isə onların yoxluğunda gördük ki, komandanın hücum potensialı çox yüksəkdir. Bu, bir məşqçi kimi yəqin ki, sizi sevindirir...
- Antalya toplanışında birdirmişdim ki, hər futbolçu əsas heyətdə oynamağa layiqdir. Hər oyunçunun üstünlüyü var. Hər futbolçudan düzgün istifadə edə bilsək, uğurlu nəticə əldə etmək olar. Belə bol qollu oyunlar il boyu olmur. Bəzən oyunda istədiyin hər şey yaxşı alınır. Bu gün həmin oyunlardan biri idi. İlk hissənin ortalarında "Keşlə" futbolçularında bir az yorğunluq var idi. Bu da əvvəlki oyunun 70 dəqiqəsini azlıqda oynamaları ilə bağlı idi. Biz bundan daha çox istifadə edə bildik. Digər tərəfdən mən hər futbolçuma güvənirəm. Bu gün onların oyun intizamı, dinamikası tam fərqli idi. İstənilən an hər futbolçunu əsas heyətdə görə bilərik.
- Qış fasiləsindən sonra Abbas Hüseynov oynamayıb. Hər hansı narahatlığı var?
- Abbas bu gün əsas heyətdə olmalı idi. Dünən məşqdə zədə aldı. Ola bilər ki, bir həftə məşqlərdən kənar qalsın. Qış hazırlığında da xəstələndiyinə görə komandaya bir az gec qoşulmuşdu. Abas bizim əsas oyunçulardandı. Bu gün sırf zədəyə görə oynamadı.
-"Marsel" əsas hansı komponentdə diqqətinizi çəkir?
- Üstün cəhətlərini bir-bir desəm, kənardan elə görünür ki, sanki, "Marsel"dən çəkinirik. Bizim üçün ən çətin komandalardan biri idi. Onlar da topa sahib olmağı çox xoşlayırlar. Ayrı-ayrılıqda çox yaxşı oyunçuları var. Oyunun gedişatındq həddən çox rotasiya edirlər. Bu, bizi narahat edə bilər. Ümumən yaxşı komandaya qarşı oynayacağıq. İstəyirik ki, onlara qarşı layiqli oyun oynayaq. Səfərə çəkinmədən gedirik.
- Vaxtilə "Atletiko", "İnter" kimi komandalara qarşı yaxşı mübarizə aparmısız. "Marsel"lə oyunda da uğurlu nəticə qazanmaq mümkündür?
- Mümkündür. İstənilən komanda istənilən komandaya qarşı yaxşı oyun göstərə bilər. Amma reallığa baxsaq, onlar bizdən yuxarıdadır. Dediyim kimi biz hər bir halda yaxşı mübarizə üçün gedirik. Çalışacağıq ki, həm orada, həm də burada meydanda ən yaxşısını edək.
- Təhlükəsizlik məsələləri ilə bağlı hansı iş görülüb?
- İnanmıram ciddi bir şey olsun. Bəlkə də bu şəhərdə təxribat daha çox gözlənilə bilər. Amma hər halda inanmıram ki, nə onların federasiyası, nə klub, nə UEFA belə bir şey üçün şərait yaratsın. Biz dəfələrlə belə hallarla rastlaşmışıq. Mənə elə gəlir ki, narahat olunası bir şey yoxdur. Klub rəhbərliyi danışıqlar aparır. Ümid edirəm ki, hər şey qaydasında olacaq.
- "Marsel"lə matçdan öncə istəyərdiz ki, bu günkü oyun daha gərgin keçsin?
- Pis oyun olmadı. İlk hissə 4:0 olsa da, deməzdim ki, "Keşlə" tam dayanmışdı. Bu günkü oyun bizim üçün daha faydalı oldu. Çünki, düşünülmüş rotasiyalar edə bildik. "Marsel"lə oyunda da çalışacağıq ki, daha çox öz düşündüklərimizi edək.
saytlarin hazirlanmasi