“Marseldəki oyunumuzu izləmək üçün klubumuza həddindən artıq azarkeş müraciəti var. Biz də “Marsel” klubuna səfər komandasına qonaq sektorunun ayrılması üçün müraciət etdik. Onlar bizim müracətimizi müsbət cavablandırdılar”.
Sportal.az xəbər verir ki, bu sözləri Qol.az saytına açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib. Klub rəsmisi Ağdam təmsilçisinin Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə Fransada keçirəcəyi görüş üçün təmsilçimizə xüsusi sektor ayrıldığını bildirib. O, “Qarabağ” azarkeşlərinin oyun günü bilet alaraq görüşü izləyə biləcəklərini qeyd edib:
“Bizim üçün sektor ayrılacaq. Biz oyun günü “Velodrom” stadionunda bilet satışı təşkil edəcəyik. Biletlərin qiyməti isə 20 avrodur. Oyunu izləmək istəyən soydaşlarımız, “Qarabağ” azarkeşləri həmin gün ayrılmış xüsusi kassadan bilet əldə edə biləcəklər. Bilet satışının vaxtı və sektorun yeri ilə bağlı gün ərzində məlumat yayacağıq. Azarkeşlərimiz sosial şəbəkələrimizi və rəsmi saytımızı izləsinlər. Narahatlığa heç bir əsas yoxdur. Bizə gələn müraciətlərin sayını nəzərə alaraq deyə bilərəm ki, 200-300 azarkeşin “Qarabağ”ı stadiondan dəstəkləyəcəyi gözlənilir. Əgər say daha da çox olarsa, bu baxımdan bir problem yaşamayacağıq. Çünki ayrılan sektorda kifayət qədər yer var. Əsas odur ki, matça gələcək azarkeşlər Fransa hökümətinin pandemiya ilə əlaqədar qoyduğu tələblərə cavab versinlər”.
Qeyd edək ki, “Qarabağ” “Marsel” ilə fevralın 17-si Fransada, 24-ü isə Bakıda üz-üzə gələcək.
saytlarin hazirlanmasi