"Qarabağ" - "Marsel" oyununun təşkilatçılığında yenilik – Nazirliyin ideyası, yoxsa müdaxiləsi...

16:43 - 22 Fevral 2022

24 fevralda “Qarabağ” Avropa Konfrans Liqasının pley-off (1/16) mərhələsində “Marsel”ə qarşı cavab oyununa çıxacaq. Qarşılaşmanın təşkilati məsələləri barədə yeni xəbər var.

Ötən həftənin sonunda matçın keçiriləcəyi “Tofiq Bəhramov”da oyunöncəsi təşkilati görüşdə “Qarabağ” və AFFA nümayəndələrindən başqa Gənclər və İdman Nazirliyinin nümayəndələri də iştirak ediblər.

Sportal.az xəbər verir ki, həmin görüşdə nazirliyi təmsil edən İdman şöbəsinin müdiri Elnur Məmmədov və nazir müavini Mariana Vasilyeva olub. Nazirlik nümayəndələrinin bir neçə təklifi olub. Onlardan bəzisi aşağıdakı kimidir:

- Oyun günü stadionun ərazisinə heç bir avtomobilin buraxılmaması
- Oyunöncəsi mini-konsert təşkil etmək
- UEFA nümayəndələriylə işin AFFA tərəfindən deyil, nazirlikdən koordinasiya edilməsi

Hətta “Qarabağ”ın oyunlarının Azərbaycanda yayım hüququnu daşıyan “CBC Sport”a müvafiq təşkilati yeniliklərlə bağlı fəaliyyət planının təklif edilməsi də qeyd edilən yeniliklər sırasındadır.

***

Yeni ideya/müdaxilə tərəflərdə birmənalı qarşılanmayıb. Məlumatlarla bağlı fikir öyrənmək operativ mümkün olmasa da, mövzu diqqətimizdədir və araşdırmağa çalışırıq.

Bildiyimiz qədər qeyd olunan təşkilati dəyişiklik və yeniliklərlə bağlı ictimaiyyətə heç bir məlumat verilməyib və ya hər hansı afişa dərc olunmayıb. Bundan başqa, dəyişikliklərin tətbiqi nə dərəcədə mümkün olar – bu da ciddi sualdır.

KL bir UEFA tədbiridir və məxsusi təşkilati forması, konsepsiyası var. Nazirliyin bu oyunda ideya ilə çıxış etmək təşəbbüsü/müdaxiləsi nədən bəhrələnib...

Güman ki, bəhs edilən ideya ilə nazir müavini deyil, İdman şöbəsinin müdiri çıxış edib. Çünki Elnur Məmmədov bundan əvvəl AFFA və “Neftçi”də işləyib və nazirlikdə futbola nisbətdə ən çox bələd olan şəxsdir.

Qeyd edək ki, nazirliyin klublarımızın avrokubok oyunlarının təşkilatçılığına tərəf çıxış etmək niyyəti ilk haldır.

Hər halda, gözləyək və baxaq.

Elçin Cəlilov, futbolpress.az

Xəbər xətti