Üç güləşçimiz Avropa çempionatının yarımfinalında

15:36 - 7 Mart 2022

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı start götürüb.

Sportal.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə millimizin 4 üzvü çıxış edir.

Mübarizəyə 1/4 finaldan qoşulan Ziya Babaşov (63 kq) israilli Abere Feteneyə 9:2 hesabıyla qalib gələrək yarmfinala yüksəlib. Ziyanın yarımfinalda rəqibi bolqar İlya Mustakov olacaq.

Xasay Həsənli (77 kq) ilk mərhələdə bolqar Martin Dimitrovu tam üstünlüklə məğlub edib - 9:0. Həmyerlimiz 1/4 finalda macar Kriştofer Klanyiyə də heç bir şans tanımayaraq (7:0) adını yarımfinala yazdırıb. Xasay yarımfinalda serbiyalı Aleksa İliçlə qarşılaşacaq.

Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində Danimarka təmsilçisi Turpal-Ali Bisultanovla bacarmayıb - 2:10.

Sərxan Məmmədov (130 kq) da mübarizəyə 1/4 finaldan qoşulub. Pəhləvanımız çexiyalı Marsel Albini üzərində qazandığı inamlı qələbəylə (13:5) yarımfinala vəsiqə əldə edib. Sərxan finala çıxmaq uğrunda türk Fatih Bozkurtla qüvvəsini sınayacaq.

Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər xətti