"Çoxdandır ki, öz azarkeşlərimizin qarşısında çıxış etmək istəyirdik"

12:18 - 16 Oktyabr 2022

"Kəpəz"in müdafiəçisi Peyman Keşavarzi klubun mətbuat xidmətinə açıqlama verib.

Sportal.az xəbər verir ki, iranlı müdafiəçi "Neftçi"yə qarşı keçiriləcək tarixi derbi haqda fikirlərini bildirib:

"Uzun müddətdən sonra Gəncədə ilk ev oyunumuzu keçirəcəyik. Bu, bizim üçün sevindirici haldır. Çoxdandır ki, doğma şəhərdə, öz azarkeşlərimizin qarşısında çıxış etmək istəyirdik. Bununla yanaşı, bu mövsüm ilk ev oyunumuzun tarixi derbi olması bizi daha da məsuliyyətli edir. Bu oyunun nə demək olduğunu hamımız yaxşı başa düşürük. Ona görə də matça çox ciddi hazırlaşmışıq. Azarkeşlərin də möhtəşəm dəstəyi il həm gözəl oyun nümayiş etdirmək, həm də qələbə qazanmaq istəyirik.

Bilirəm ki, həm “Kəpəz”, həm də “Neftçi” ölkənin ən köklü iki klubudu. Ona görə də arada əzəli rəqabət, barışmaz mübarizə, prinsipiallıq var. Burada söhbət iki böyük şəhərin rəqabətindən gedir.

Düzdü, çempionatın ilk turlarında oynamırdım, bu da keçmiş baş məşqçinin qərarı idi. Bu barədə çox danışmaq istəmirəm. Çünki artıq komandamızın baş məşqçisi Tərlan Əhmədovdur. Onun gəlişindən sonra oynamaq şansı qazanmışam. Çalışıram hər oyunda əlimdən gələnin ən yaxşısını edim və əsas heyətdə yerimi möhkəmləndirim. Mənə güvəndiyi üçün baş məşqçiyə də təşəkkür edirəm".

Xəbər xətti