"Sabah" - "Qarabağ" matçında rekord

10:55 - 14 Noyabr 2022

Misli Premyer Liqasının XIV turunun “Sabah” – “Qarabağ” oyununu 10000 tamaşaçı izləyib.

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, mövsümün yeni rekordudur. “Bank Respublika Arena”dakı görüşə qədər rekord III turdan təxirə salınan və noyabrın 9-da keçirilən “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasına (0:2) məxsus idi. Tovuzdakı matçda 5800 seyrçi qeydə alınmışdı.

Qolsuz heç-heçə ilə başa çatan “Sabah” – “Qarabağ” qarşılaşmasındakı tamaşaçı sayı təkcə cari deyil, həm də son 5 mövsümün rekordudur. Daha çox izləyiciyə sonuncu dəfə 2017/18 mövsümündə təsadüf olunub. 2017-ci il noyabrın 5-də “Kəpəz” – “Qarabağ” oyununda 13300 seyrçi qeydə alınıb. Gəncədəki matçdan sonra bu ədəd heç vaxt beşrəqəmli olmayıb.

​Ümumilikdə turun görüşlərini 15500 nəfər seyr edib. Bu da mövsümün yeni rekordudur. Bunadək rekord 14800 tamaşaçının izlədiyi III tura məxsus idi.

Xəbər xətti