Şamaxıda yaradılan yeni regional futbol məktəbinin 1 yaşı qeyd olunub - FOTOLAR

12:17 - 5 Dekabr 2022

3 dekabr 2022-ci il tarixdə “Şamaxı”nın bazası olan “Şirvan" oteldə Şamaxı regional futbol məktəbinin 1 yaşı qeyd edilib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan futbolunun canlı əfsanəsi Vəli Qasımovun rəhbərlik etdiyi məktəbdə təcrübəli müəllimlərin çalışdırdığı 120 nəfər şagird, o cümlədən, “Şamaxı” futbol klubunun 4 yaş qrupu üzrə: U-10, U-11, U-12 və U-13 komandalarının oyunçuları futbolun sirlərini öyrənir.

Məktəblilərin valideynlərinin də iştirak etdiyi tədbirdə  məktəbin fəaliyyət göstərdiyi 1 il ərzində görülmüş işlər, gələcək planlar, inkişaf perspektivləri müzakirə edilmişdir. Tədbir iştirakçıları  çıxışlarında son bir il ərzində rayon rəhbərliyi və “Şamaxı” tərəfindən futbolun inkişafı istiqamətində böyük işlərin görüldüyünü, bu səbəbdən rayon əhalisi, o cümlədən, orta məktəb şagirdləri arasında futbola marağın hədsiz dərəcədə artdığını, uşaqların asudə vaxtlarını daha səmərəli keçirdiklərini, onların daha məsuliyyətli və intizamlı olduqlarını  xüsusi qeyd etmiş, klubun aşağı yaş qruplarının fəaliyyəti qənaətbəxş hesab edilmişdir.

Tədbirdə çıxış edən edən rayon və klub rəhbərliyi məktəbin direktoru Vəli Qasımova təşəkkürünü bildirməklə azyaşlı futbolçulara gələcək fəaliyyətlərində uğurlar arzu etmiş, 1 illik "ad günü" münasibətilə xüsusi hazırlanmış tortu kəsməklə şirniyyat süfrəsi arxasında tədbir iştirakçıları ilə səmimi ünsiyyətdə olmuşdur.

 

 

 

 

Xəbər xətti