İngiltərə mətbuatı “Tottenhem”in cinah oyunçusu Son Hın Min haqda müzakirə apararkən, onun Avropa Liqasının əsas mərhələsinin Londonda “Qarabağ”a qarşı keçirəcəkləri oyunda mümkün iştirakına da toxunublar.
Sportal.az xəbər verir ki, "tottenhamhotsurnews.com" portalı cənubi koreyalının "Qarabağ"la görüşdə qol vurmaq ehtimallarından yazıb:
"Biz hesab edirik ki, Sonun “Brentford”la matçda (3:1) çıxışı bir az qəribə idi. O, iki dəfə qol imkanı əldə etdi. Lakin Son hər iki dəfə zərbə vurmaqdansa, gecikməyi üstün tutdu ki, bu da onun üçün qeyri-adi idi. Son dünya futbolunda ən yaxşı hücumçulardan biridir. Deməli, bu, yəqin ki, güvən məsələsidir. Bununla belə, biz əminik ki, onun qarşısına çox tezliklə qollar gələcək. Ümid edirik ki, o, “Qarabağ” və ya “Mançester Yunayted”lə qarşılaşmalarda meydana çıxacaq. “Qarabağ”la görüş ilk növbədə cənubi koreyalının özü üçün önəmli ola bilər. Əgər Son Azərbaycan komandasının qapısına bir-iki qol vurmağı bacarsa, bu, “Old Trafford”a səfərə az qalmış onda inam yarada bilər".