"Kəpəz"in müdafiəçisi: "Əlimdən gəldiyi qədər məşqlərə tez qoşulmağa çalışacağam"

16:31 - 6 Dekabr 2024

"Müalicə, bərpa prosesi normal davam edir. Hər şey yaxşıdı".

Sportal.az xəbər verir ki, bu sözləri klubun mətbuat xidmətinə açıqlamasında "Kəpəz"in üzvü İlkin Qırtımov deyib. Diz oynağındakı zədəsi səbəbindən cərrahiyyə əməliyyatı olunan təcrübəli müdafiəçi müvafiq tibbi prosedurlara əməl etdiyini bildirib:

"Davamlı müayinə olunuram. Şükür ki, ilk vaxtlar şiş olmadı. Əməliyyat uğurlu alınıb. Həkimlərin dediyi qaydada dizimi məşq etdirirəm. İnşallah, işlər arzuladığımız şəkildə gedər".

Futbolçu onunla maraqlananlara, xüsusilə də azarkeşlərə təşəkkür edib:

"Ürəyi "Kəpəz" ilə döyünən bütün azarkeşlərimizə minnətdaram. İlk gündən dəstək verdilər. Onlar üçün dəyərli olduğumu hiss etdim. Komanda yoldaşlarım, klub rəhbərliyi də vəziyyətimi diqqətdə saxlayır, qayğı göstərir. Əlimdən gəldiyi qədər məşqlərə tez qoşulmağa çalışacağam ki, komandamın yanında olum, "Kəpəz"ə təcrübəmlə kömək edim".

Xəbər xətti