"Dinamo"nun azərbaycanlı hücumçusu: "Bizim klubda gənclərə daha çox üstünlük verilir" - MÜSAHİBƏ

13:55 - 14 Dekabr 2024

Gürcüstan yüksək liqasının son turunda "Dinamo"nun heyətində debüt edən Yusuf Mehtiyev Sportal.az saytına müsahibə verib. 18 yaşlı forvard "Qaqra" ilə görüşdəki debütündən danışıb. Gürcüstanda dünyaya gələn Mehtiyev gələcəkdə Azərbaycan millisində oynamasının real olub-olmamasından da bəhs edib.

- "Dinamo"nun heyətində Gürcüstan yüksək liqasında debütün reallaşdı. Bunu 18 yaşında etdin. "Qaqra" ilə matçdan öncə hansı hissləri keçirirdin?

- Əlbəttə ki, həyəcanlı idim. Çünki əsas komandada ilk rəsmi oyunuma çıxırdım. Amma oyun başladıqdan sonra sakit və rahat qala bildim. Fikrimcə, yaxşı oyun sərgilədim. Komandam üçün ən yaxşısını etməyə çalışdım. 

- Artıq Gürcüstanda sezon başa çatdı. Yeni futbol ilində səni "Dinamo"nun əsas komandasının oyunlarında tez-tez görəcəyik?

- Düzü, bunu çox istəyirəm. Amma hələ ki, heç nə bəlli deyil. Özümü ən yaxşı şəkildə hazırlayacam. Əsas komandaya düşmək üçün bütün gücümü meydanda verəcəm. İnanıram ki, hər şey yaxşı alınacaq. Özümə çox inanıram.

- Çoxdan idi ki, əsas komandanın məşqlərində iştirak edirdin? Yeni sezondan daim əsas komandada məşq edib, əvəzedici heyətin oyunlarında meydana çıxmağın daha real görünür?

- Elədir ki, var. "Dinamo"nun əsas komandası ilə bir neçə dəfə məşqə çıxmışdım. Lakin bu, davamlı olmamışdı. Ara-sıra əsas komandanın məşqlərinə dəvət edilirdim. Orada olduğum müddətdə ən yaxşısı üçün çalışırdım. Şadam ki, son vaxtlar bu dəvət çoxalmışdı və sonda əsas komandanın əsas heyətində də oynamaq şansı tapdım.

- "Dinamo"nun baş məşqçisi Ferdinand Feldhofer səninlə bağlı düşüncələri necədir? Özü səninlə danışıb? 

- Bəli, Ferdinand Feldhoferlə artıq məni tanıyır. Onunla yaxşı münasibətimiz var, əlaqədəyik, danışırıq. 

- Böyük ehtimalla, "Dinamo" sənə 1-2 mövsüm şans verəcək ki, özünü göstərəsən. Məhz bundan sonra yəqin ki, Avropa klublarından birinə yaxşı qiymətə satmaq istəyəcək?

- "Dinamo"da daim əsas heyətdə oynamaq istəyirəm. Bunun reallaşacağına da inanıram. Çünki bizim klubda gənclərə daha çox üstünlük verilir. Əlbəttə ki, bundan əvvəl də gənc oyunçularımızı xarici klublar transfer edib. Mən ilk növbədə "Dinamo"da əsas komandada əsas heyətdə oynamaq istəyirəm. Daha sonra nə olar, zaman göstərər.

- Pasport məsələsinə görə U-19 və U-21 yığmamızda oynaya bilmədin. Yəqin ki, "Dinamo"da əsas komandada oynadıqdan sonra Azərbaycanın əsas millisinə cəlb olunmağın mümkünə çevriləcək? Yəqin AFFA səni "Dinamo"da əsas heyətdə gördükdən sonra bu dəfə pasport məsələnə daha ciddi yanaşacaq...

- Milli məsələsi haqda bir söz deyə bilmərəm. Onu zaman göstərər. Gürcüstan yığması da məni istəyir. Bu yığmada da oynamışdım. Azərbaycan yığmasında da oynamaq ehtimalım var idi. Pasport məsələsinə görə alınmamışdı. Təbii ki, yığma məsələsi gələcəyin məsələsidir. Necə olacağını görəcəyik.

- Bir ara Belçika klubuna keçidin gündəmdəydi. Hətta Belçikaya yollanaraq, "Gent" və "Standart"(Liej) klublarının düşərgəsində də olmuşdun. Yenə də bu klublarla danışıqlar gedir?

- Doğrudur. Onlar məni yaxşı tanıyırlar. Menecerim bu yöndə həmişə danışıqlar aparır. Necə çıxış etdiyimi də daim kontrol edirlər. İndi tam olaraq "Dinamo"dakı çıxışıma fokuslanmışam və bu haqda düşünürəm. Başqa heç nə haqda fikirləşmirəm.

Mirbağırağa
 

Xəbər xətti