"Oynadığım klublar arasında hazırda 3 komanda var ki, fəaliyyəti davam etdirir. Biri "Kəpəz"dir, digərləri "Neftçi" və "Qarabağ". Bu gün də derbidir. Maraqlı oyun olacağı dəqiqdir. Fikrimcə, bu gün heç-heçə ola bilər. Çünki "Qarabağ" bir az yorğundur. Keçən turda "Səbail"ə son 15 dəqiqədə qollar vurdular. Qurban Qurbanovun əvəzetmələri oyunu həll etdilər. 75-ci dəqiqədən sonra 5 qol vurdular. Son dəqiqələri çox yaxşı oynadılar. Bu gün isə çox çətin matç olacaq. "Neftçi" də "Qarabağ"a qarşı yaxşı hazırlaşıb. Bu gün hansısa komanda udarsa, bir qolla qalib gələcək. Amma çox güman ki, bərabərlik qeydə alınacaq. İnanmıram ki, "Neftçi" bu gün "Qarabağ"a qalib gəlsin. Çünki onlar əvvəlki formasından uzaqdır. Yavaş-yavaş özünə gələ bilər. İstəyərdim ki, layiqli mübarizə olsun. Uğurlar. Hansı komanda güclüdürsə, qalib gəlsin".
Bu sözləri Sportal.az saytına açıqlamasında Paşa Əliyev deyib. "Qarabağ" və "Neftçi" klublarının sabiq futbolçusu bu gün Misli Premyer Liqasının 23-cü turu çərçivəsində keçiriləcək Azərbaycanda derbisi haqda fikirlərini söyləyib.
O, AFFA-nın Premyer Liqa ilə bağlı yeni sezon üçün verdiyi qərarlara da münasibət bildirib: "Yeni sezondan liqada 12 komandanın olması sevindirici haldır. Komandalarımızda nə qədər çox komanda olsa, pozitivdir. Amma legioner limitinin ləğv olunması azərbaycanlı futbolçuların xeyrinə deyil. Kimlərsə pul qazanacaqlar, ona görə bunu edirlər. Bizim futbolçular kənarda qalacaqlar. Bir ara da belə oldu, futbolçularımız kənarda qaldı, məhv oldu futbolumuz. Bir az düzəlmək istəyirik, yenə də bu cür qərarlar verirlər. Bu qərarı nə ilə əlaqələndirirlər, bilimirəm. Özləri bilir. Legionerlərdən xeyir götürmək üçün edirlər".
saytlarin hazirlanmasi