"Kəpəz" Misli Premyer Liqasının 23-cü turunda Tovuz şəhər stadionunda "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Maraqlı oyun alındı. İki fərqli hissə izlədik. Məncə, ilk yarıda daha yaxşı oynadıq. İkinci hissədə həm orta xətdə, həm də cinahlarda "dişsiz" olduq. Sevindirici haldır ki, 3 turdur məğlub olmuruq, xallar qazanırıq".
- Oyundan sonra çox əsəbi görünürdüz. Aqressiyanız hakimlərə idi?
- Hakimlərə deyildi, öz futbolçularıma idi. Evdə qazanılan xallar çox vacibdir. Bu gün qələbə qazansaydıq, "Zirə" ilə matça fərqli motivasiya ilə çıxa bilərdik.
- Matçdan əvvəl desəydilər ki, bu gün heç-heçə olacaq. İnanardız?
- Maraqlı sualdır. Amma hər məşqçi meydana qələbə üçün çıxır. Həddindən artıq qələbə istəyirdik.
- Müdafiənin mərkəzində problem hiss olunur?
- Cavan futbolçumuz Nemət Musayev var. Amma onu birdən-birə meydana atmaq istəmədik. Hələ qarşıda 13 tur var. Növbəti oyunlarda meydanada ola bilər. Mahamadu Ba da o mövqedə yaxşı oynadı. Orta xətt oyunçusunun orada oynaması problem deyil.
- Əlinizdə olan heyətin potensilı bundan da artığına qadirdir?
- Günü-gündən daha yaxşı olmağa çalışırıq. Səhvlərin sayını azaltsan, daha sadə, səhvsiz oynasan, xallar qazanacaqsan. Futbolçulardan əsas tələbimiz odur ki, az səhv etsinlər. Çatışmazlıqlarımız çoxdur.
- Fasilədə hücum xətinin iki oyunçusunu əvəzləməyinizin səbəbi nə idi?
- Daha çox cinahlarda oyun qurmaq istədik. Bəzi epizodlarda bu alınmadı. Səhv başqa yerdə idi. Mərkəz oyunçuları onları istədiyimiz ötürmələrlə təmin etmədilər. Camal Cəfərov və Trent Buhagiar sürətli futbolçulardır. Onların sürətindən yararlanmaq istəyirdik.
Elçin Əlixan
saytlarin hazirlanmasi