"Növbəti mövsümdən "Kəpəz"in fərqli hədəfi, strategiyası olacaq" - MÜSAHİBƏ

17:22 - 7 Mart 2025

Azərbaycan Premyer Liqasının 25-ci turunda "Kəpəz" "Neftçi"yə qalib gələrək (1:0) aktivinə qızıl dəyərində 3 xal yazdıra bildi.

Sportal.az xəbər verir ki, görüşdən sonra İlqar Nadiri müsahibə verib.

- "Neftçi" üzərində vacib qələbə qazandınız. Qalibiyyəti necə şərh edərdiniz?

- Turnir cədvəlindəki mövqeyimizə baxsaq, indi bütün oyunlar vacibdi. Uşaqlar çox yaxşı döyüşdülər. Qələbə üçün meydana çıxmışdıq və bunu da futbolçular bacardı. Sonda istədiyimiz nəticəni əldə etdik.

- "Neftçi"ni 4:3 hesabı ilə məğlub etdikdən sonra ardıcıl 3 oyunda bu komanda ilə oyunlarınız uğurlu alınmadı. Sizcə, bu matçda nəyi dəyişə bildiniz?

- Bununla bağlı oyunçularla danışmışdıq. Ardıcıl 3 matçdır "Neftçi"yə qarşı uduzurduq. Artıq bunu dəyişmək lazım idi. Komandada inam yaranmışdı. Meydanda çox yaxşı mübarizə apardıq. Oyun elə gedirdi ki, uduza da bilərdik və ya heç-heçə ola bilərdi. Çox şükür ki, qələbə qazandıq.

- Oyundan öncəki mükafat vədi nəticədən sonra dəyişdi?

- Xeyr, bizim hələ yolumuz uzundu. Futbolçular yaxşı mükafatlar alacaq. Qazandığımız müsbət nəticələrdə yeni rəhbərliyin rolu böyükdü. Komanda onların dəstəyini hiss edir. Bu da kollektivin oyunlara yüksək motivasiya ilə köklənməsinə səbəb olur.

- Qış fasiləsindən sonra Premyer Liqada qalmaq üçün mübarizə apardığınız rəqiblər aktivinə az xal yazdırmayıb. Söhbət "Səbail" "Şamaxı"dan gedir. Belə gedişat sizin üzərində gərginlik yaratmır?

- Mübarizə davam edir. Çempionatın sonunda nəyin baş verəcəyini bilmirik. Hər bir komanda Premyer Liqada qalmaq istəyir. Biz özümüzü düşünməli, xallarımızı qazanmalıyıq. Bunun üçün də sona kimi mübarizə aparacağıq.

- Sonuncu pillədə qərarlaşan "Səbail"lə xal fərqi dördə yüksəldi. Bu, komandaya rahatlıq verə bilər?

- Xeyr, fərq yetərli deyil. Arxayınlaşmaq olmaz. Bütün oyunlara həvəslə çıxmalıyıq. Hələ Premyer Liqada qalmağımız dəqiq deyil. Bu, tam rəsmiləşəndən sonra rahatlaşa bilərik. Çünki 3 xallıq sistemdə hər şey dəyişə bilər. Unutmayaq ki, bizim hələ "Səbail"lə, "Sumqayıt"la oyunlarımız var.

- Azarkeşlərdən bəziləri sosial şəbəkələrdə sizinlə bağlı neqativ paylaşımlar edir. Bunu necə qarşılayırsınız?

- Biz öz işimizə baxırıq. Elə yazılar bizi daha da gücləndirir. Önəmli olan nəticələrdi. Çalışırıq ki, "Kəpəz" Premyer Liqada yerini qorusun. Artıq üçüncü mövsümdür ki, buna yaxınıq. O yazılara fikir versək, işimizi görə bilmərik. Bu, qeyri-peşəkarlıq olar. Bizim üçün əsas olan komandanın nəticələridi. Bu gün vacib olan məsələ müsbət nəticələr qazanmaqdı.

- Həmin azarkeşlər "Kəpəz"in yanında olsalar, komanda daha güclü olmazmı?

- Bu gün bizə dəstək olan azarkeşlər var. Onlar həmişə bizim yanımızdadır. Qarda, soyuqda hər zaman stadionda olurlar. Bu bizim üçün çox önəmlidir. Biz onları, komandanı sevən azarkeşləri fikirləşirik. Əlbəttə, kimlərinsə neqativ fikirləri ola bilər. Amma biz öz işimizi görməyə çalışırıq.

- "Kəpəz" 3 ildir büdcə şərait baxımından çətinlik çəksə də, Premyer Liqada qala bilir. Yeni sponsorun gəlişindən sonra daha iddialı "Kəpəz" görə biləcəyik?

- Klubda maliyyə imkanları genişlənəcək. Yeni müşahidə şurası komandaya lazımı dəstəyi göstərməyə hazırdı. Bunun üçün mütləq Premyer Liqada qalmalıyıq. Gələn mövsümün planlarını növbəti ildə yeni rəhbərliklə müzakirə edəcəyik. Əlbəttə ki, klubun fərqli hədəfləri, fərqli strategiyası olacaq. İnanırıq ki, "Kəpəz"in adına layiqli komanda formalaşdıracağıq.

- Mövsümün sonu komandada kimi dəyişikliklər görəcəyik?

- İnşallah, hər şey yaxşı olacaq (gülür). Zamanla hər şey öz yolunu tapacaq. Məqsədimiz bundan öncəki iki ildə olduğu kimi komandanı çempionatda saxlamaqdı. (Sportinfo.az)

Xəbər xətti