Addai düzəlir, Kaşuk yerində sayır - Qarabağ"ın uyğunlaşmaqda çətinlik çəkənləri

16:58 - 25 Avqust 2025

Tək "Qarabağ"da deyil. Demək olar bütün klublarda yeni futbolçuların uyğunlaşması zaman aparır. Elələri olur ki, tez alışır, elələri də var ki, sona qədər özünü tapa bilmir. Futbolun içində olan şeylərdi. 

"Qarabağ"da da belədir. Heç cür uyğunlaşa bilməyən Cica getdi. Aleksey İsayev zədə səbəbindən kənarda qalıb. Digərlərindən Addai ilə Kaşukun adını çəkə bilərik. Onların da biri asta-asta alışır, o birisi yox. 

Bu avrokubok mövsümündə "Qarabağ"da daha yaxşı Addai görməyə başlamışıq. Əvvəllər kor-koranə, pərakəndəliklə dolu oyun elementləri sərgiləyən Addai fərqli səviyyə ortaya qoyur. Get-gedə harada necə qərar verəcəyini daha düzgün müəyyənləşdirir. 

Addaini haradasa anlamaq olar. Başqa qitənin adamının ölkəmizə, mətbəximizə, yaşam düzənimizə uyğunlaşması elə də rahat məsələ deyil. Qurban Qurbanov da onunla bağlı suala cavab verərkən etiraf edib ki, yeməyindən tutmuş bir çox məsələlərdə onu "rəndələməyə" çalışır. 

Kaşukla bağlı durum isə müəmmalıdır. Ukraynalı futbolçu üçün bizim Premyer Liqa yad deyil. "Qarabağ"a gələnə qədər "Sabah"da adından söz etdirən Kaşuk yerində sayır. Durğunluq yaşayır sanki. Əlinə daha da inkişaf etmək üçün belə bir fürsət düşmüşkən, yararlana bilmir. 

"Qarabağ"a yeni futbolçular gəlir. Rəqabət çoxalır. Montiel formaya düşəndən sonra Kaşukun işi bir qədər də çətinləşəcək. Artırmaq lazımdır. 

Həmid

Xəbər xətti