"Ferentsvaroş"un itirəsi bir şeyi yoxdur, "Qarabağ"ın isə arxayınlaşacağına inanmıram"

18:22 - 24 Avqust 2025

"Qarabağ"ın sabiq futbolçusu Rahid Əmirquliyev Sportal.az saytına açıqlama verib.

O, Ağdam klubunun Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündə Budapeştdə "Ferentsvaroş"a 3:1 qalib gəlməsini şərh edib:

"Qarabağ"ı Budapeştdə ağır oyun gözlədiyini bilirdik. Çünki "Ferentsvaroş" çox yaxşı komandadır. Yaxşı futbolçulara sahibdir. Düşünürdüm ki, "Qarabağ" üçün çox çətin oyun olacaq. Onsuz da belə alındı, rahat deyildi. Amma "Qarabağ"ın 3:1 hesabı ilə qalib gələcəyini düşünmürdüm. İnanırdım ki, "Qarabağ" Bakıya sərfəli nəticə ilə qayıdacaq. Lakin 3:1 hesabını təsəvvür etmirdim. Şükürlər olsun ki, onlar öz layiqli oyunu ilə qələbə qazandı. "Qarabağ" bütün komponentlərdə üstün oyun nümayiş etdirdi. Birinci hissədə də belə idi. Xüsusilə ikinci hissədə "Qarabağ" rəqibini üstələdi. Bu da sonda layiqli nəticəyə gətirib çıxardı".

Əmirquliyevin fikrincə, Bakıdakı cavab görüşü daha da ağır alınacaq: "3:1 "Qarabağ" üçün çox sərfəli nəticədir. Amma inanmıram ki, komandamız buna görə arxayınlaşsın. Ev oyununa bundan da ciddi hazırlaşacaqlar. Bakıdakı matç daha da çətin olacaq. Çünki "Ferentsvaroş"un itirəsi bir şeyi yoxdur. 3:1 qalib gəlsək də, hələ cavab görüşü var. Futboldur, hər nəticə olur. Arxayınlaşmaq olmaz. Bununla bərabər, biz "Qarabağ"a inanırıq. İnanırıq ki, "Qarabağ" evdə də lazım olan nəticəni əldə edə biləcək".

Mirbağırağa
 

Xəbər xətti