Azərbaycanda 300 uşaq futbolsuz qala bilər - "Dinamo" AFFA-dan dəstək gözləyir, amma...

12:24 - 23 Avqust 2025

İllər keçir, futbolumuzda elə hey uşaq futbolunda inkişafın zəruriliyindən danışılır, amma mahiyyət etibarı ilə dəyişən ciddi heç nə yoxdur. Eyni problemlər, eyni vəziyyət... 

Belçikalılar gəlib İnkişaf Strategiyası yazıb yazmağına. Amma üstündən nə qədər vaxt keçib, hələ də bir daş üstünə daş qoyan olmayıb. Axır vaxtlar strategiyanın heç adını da tutan yoxdur. Təbii ki, gec-tez haradansa başlanılacaq bu işə. Amma belə görünür ki, bu AFFA rəhbərliyinin tərpənişi ilə ən yaxşı halda yalnız infrastrukturun qurulmasına 8-10 ilə qədər vaxt gedəcək.

Kənardan adama elə gəlir ki, federasiya rəhbərliyi yalnız İnkişaf Strategiyası deyib tutub, başqa heç bir iş görmək niyyətində deyil. Müzakirəyə çıxarılası bir çox mövzu var. Lakin fikir yayınmasın deyə, bu yazıda birinə toxunacağıq. 

Heç kimə sirr deyil ki, əksər Premyer Liqa klubları akademiyanı candərdi saxlayırlar. Lisenziya tələbi kimi qoyulmasa, günü sabah məmnuniyyətlə bağlayarlar klub akademiyasını. Bəziləri bunu heç gizlətmir də. Səbəblər də müxtəlifdir. 

Belə acınacaqlı vəziyyətdə bir II Liqa klubu var ki, bu işi böyük həvəslə həyata keçirir - "Dinamo"! Təcrübəli futbol funksioneri Yaşar Seyidovun rəhbəri olduğu klub yeganə aşağı liqa təmsilçisidir ki, bütün yaş qrupları üzrə uşaq komandaları mövcuddur. "Dinamo"da 300 uşağın futbolçu lisenziyası var. 

Təəssüf ki, bu 300 uşaq futbolsuz qala bilər. "Dinamo" AFFA-dan dəstək gözləyir, amma federasiya sanki kömək etməkdə istəkli görünmür. Məsələ burasındadır ki, AFFA "Dinamo"nun məskunlaşdığı Abşeron Olimpiya Kompleksində oyunlar keçirməyə icazə vermir. Çünki həqiqətən də kompleksin süni örtüyü korlanıb, uşaqlar üçün zədə mənbəyidir. Yaşar Seyidov təmir işlərinə dəstək olacaq mənbə tapıb, yaxın zamanlarda bu məsələ həllini tapmalıdır. Klub rəhbəri AFFA-ya müraciət edib ki, "Dinamo"nun birinci dövrədə bütün oyunları səfərdə keçirilsin. O vaxta kimi də meydança hazır olacaq, ikinci dövrədə artıq oyunlarını evdə qəbul edə biləcəklər. 

Ölkəmizdə stadionla bağlı ciddi problemlərin olması hamıya məlumdur. Hətta Premyer Liqa klubları bəzən məşq etməyə, oynamağa yer tapmırlar. Belə bir vəziyyətdə digər klubların da "Dinamo"ya anlayışla yanaşacağına şübhə yoxdur. Di gəl ki, AFFA vəziyyətə uyğun davranmaq əvəzinə, bürokratik yanaşma sərgiləyir, buna icazə vermir. 

Çox məyusedici mənzərədir. Əslində, AFFA işini-gücünü atıb "Dinamo"ya dəstək olmalı, sponsorlar tapmalı, Yaşar Seyidova təşəkkür etməliydi ki, 300 uşağı bir araya gətirib iş görməyə çalışırlar. Zarafat gəlməsin, bu gün Premyer Liqada çıxış edən "Karvan-Yevlax"ın və "İmişli"nin bu qədər uşaq komandası yoxdur, amma II Liqa təmsilçisi olan "Dinamo"nun var. Amma kimə deyəsən, kimdir buna dəyər verən? 

Elə bir vəziyyət yaranıb ki, 300 uşaq kənarda qala bilər. Çünki oyunları keçirmək üçün alternativ məkan tapmaq demək olar ki, mümkünsüzdür. AFFA bu qədər yaş qrupu olan kluba bir qəpik də dəstək olmur. "Dinamo"nun yarım mövsüm bu qədər komanda üçün icarə pulu ödəyib meydança götürməsi real deyil. AFFA dəstək olmursa, heç olmasa, maneçilik törətməsin. Qurmaqda maraqlı deyilsinizsə, heç olmasa, olanı da dağıtmayın! 

Həmid

 

Xəbər xətti