“Qol vurmuşuqsa, niyə sevinməyək?!” - Elvindən CAVAB

14:40 - 23 Avqust 2025

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev Misli Premyer Liqasının ikinci turunda “Sumqayıt”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Sportal.az həmin müsahibəni təqdim edir:

- Premyer Liqada mövsümə məğlubiyyətlə başladınız. Oyunu necə şərh edərdiniz?

- Bəzi oyuçularımız meydana çıxmamışdı. “Sumqayıt”ın ilk görüşünə baxmışdıq. Rəqibi təhlil etmişdik. Bilirdik ki, heyətlərində səviyyəli futbolçular var. Buna görə də bizi çox ağır matç gözləyir. Gözlənilməyən qol buraxdıq. Bunun da acısını çəkdik. Hesabda geri düşdükdən sonra çalışdıq ki, məğlubiyyətdən qaçaq. Rəqibi təzyiq altında saxlasaq da, qol vura bilmədik. Artıq bu oyunu unudub növbəti matçlara baxmalıyıq.

- Meydana ikinci heyətlə çıxdığınızı nəzərə alsaq, düşünmək olar ki, “Qarabağ”ın bütün fikri “Ferensvaroş”la cavab oyunundadır?

- Birinci heyət, yaxud ikinci heyət baxımından əziyyət çəkmirik. “Sumqayıt”la matçda ilk “11-lik”də yer alan futbolçuların arasında da matçın taleyini həll edə biləcək oyunçular var idi. Sadəcə alınmadı.

- “Ferensvaroş”la cavab matçından gözləntiləriniz nədir?

- İlk matçı təhlil edəcəyik. Səfərdə qələbə qazansaq da, hələ heç nə bitməyib. Bəziləri düşünür ki, 3:1-lik qələbədən sonra cütün taleyi həll olunub. Xeyr, elə şey yoxdur. Rəqib futbolçular da Bakıya yalnız qələbə üçün gələcəklər. Biz də əlimizdən gələni edəcəyik ki, üstünlüyümüzü qoruyaq və mərhələ adlayaq.

- Rəqib futbolçular qeyd edirlər ki, “Qarabağ” özünü turu keçmiş kimi aparır. Buna münasibətiniz necədir?

- Oradakı matçdan sonra komanda şəklində danışdıq. Baş məşqçimiz də bildirdi ki, heç kim rahatlaşmasın. Hələ heç nə bitməyib. Bakıdakı matça hazırlaşmalıyıq.

- Rəqib “Qarabağ”ın futbolçularının vurduqları qolları çox çılğınıqla qeyd etməsini qabardır. Sizcə, bu fikir absurd deyil?

- Qolu qeyd etməyimiz normaldır. Hesabda geri düşürsən və sonra geridönüş edirsənsə, niyə də sevinməyəsən? Əslində, biz ilk hissədə də “Ferensvaroş”dan geri qalmırdıq. Qol vurmuşuqsa, sevinməliyik.

- Artıq cavab oyununun biletləri satışa çıxıb...

- Bilet verim? (gülür)

- Xeyr, təşəkkür. Biletlər satışa çıxıb və anşlaq gözlənilir. Azarkeşlərə nə demək istərdiniz?

- Əvvəlki oyunlarda da azarkeşlərimiz yanımızda olublar. Bu dəfə də möhtəşəm dəstək gözləyirik. İnanırıq ki, onların dəstəyi ilə birlikdə mərhələni adlayan tərəf olacağıq. (Qol.az)

Xəbər xətti