Dünən futbolumuz üçün ikiqat əlamətdar olub. Çünki əsas millimizlə yanaşı, U-21 yığmamız da xal qazanıb. Könül qələbələr istəyir, amma futbolumuzun düşdüyü durumu nəzərə alsaq, heç-heçələrə də sevinmək məcburiyyətində qalmışıq.
Bir neçə gün əvvəl səfərdə Portuqaliyaya iri hesabla məğlub olan U-21 millimiz Bolqarıstanı qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyun 1:1 hesabı ilə sona çatıb. Əsas millimizin oyununda olduğu kimi, gənclərimiz də döyüşkən xarakter nümayiş etdirib.
Bolqarıstanla oyun ərəfəsində Xəyal Əliyev və Şahin Şahniyarovun əsas millidən U-21-ə göndərilməsi müəyyən narahatlıqlar yaratmışdı. Bu futbolçuların ruhdan düşməsi, U-21 millisinin oyununa köklənə bilməməsi ehtimalı var idi.
Amma dünən bunun tam əksini gördük. Xəyal da, Şahin də meydanda ən yaxşılardan idi. Şahniyarov döyüşkənliyi ilə seçilirdisə, Xəyal "klass göstərdi". Yer aldığı cinahda rəqibləri pərən-pərən salan Əliyev oyunuyla göz oxşadı.
Çox sağ ol, Xəyal. Çox sağ ol, Şahin. İstəyir əsas milli olsun, istəyir U-21. Azərbaycanın adı olan hər şey bizə aiddir, hamısının yükünü daşımaq biz azərbaycanlıların üzərinə düşür. U-21 yığmamızın bütün üzvləri, təşəkkür!!!
Emin Abbasov
saytlarin hazirlanmasi