Gürcüstan millisinin sabiq kapitanı: "Rəşad Sadıqov bu post üçün tam hazırdır"

16:50 - 9 Sentyabr 2025

“Hesab edirəm ki, millidə yerli məşqçi çalışmalıdır. Namizədlərim var, Qurbanovu ən başından demişəm. Məncə, Rəşad Sadıqov inkişafdadır, bu post üçün tam hazırdır”.

Sportal.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında “Qəbələ”nin gürcüstanlı baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Mütəxəssis Azərbaycan yığmasında işləyə biləcək baş məşqçilərdən danışıb: “Santuş məşhur məşqçidir, böyük uğurları var. Düşünürəm ki, Azərbaycan yığması ilə onda alınmadı. Ona görə ki, iş xüsusiyyəti burada tam fərqlidir. Düşünürəm ki, maksimal dərəcədə yerli futbolçuların mentalitetini bilən məşqçiyə ehtiyac var. Fərqli işləmək lazımdır, belə düşünürəm. Fikirləşirəm ki, yaxşı düşünüb düzgün qərar verərlər. Tez bir zamanda da vəziyyət düzələr, ümid edirəm”.

Gürcüstan millisinin sabiq kapitanı öz yığmasının son nəticələrindən və Türkiyə ilə oyunundan da söz açıb: “Əlbəttə ki, onları izləyir və azarkeşlik edirəm. Çünki mənim ölkəm, mənim komandamdır. Orada oynamışam. Çox möhkəm azarkeşlik edirəm. Gürcüstan yığması hazırda çox güclüdür, Bolqarıstanı da 3:0 uddular. Təəssüf, ilk oyunda Türkiyəyə uduzdular, amma bu həll olunar. Gürcüstan millisi uğurlara imza atacaq və hər bir gürcünün arzusunu gerçəkləşdirəcək. Onlar keçən il birini reallaşdırıb Avropa Çempionatında oynadılar. Növbəti arzu isə Dünya Çempionatında oynamaqdır. Gürcüstan yığmasına bu seçmə mərhələdə uğur arzulayıram”.

Qeyd edək ki, Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş dünən istefaya göndərilib. Yığma onun rəhbərliyi altında 11 oyunda heç bir qələbə qazanmayıb.

Xəbər xətti