FİFA finala bileti 21 dollara vəd etdi - 4 min dollara satışa qoydu

22:15 - 11 Dekabr 2025

BBC xəbər verir ki, 2026-cı il dünya çempionatının finalına “büdcə kateqoriyası” üzrə biletlərin qiyməti 3119 funtdan (4185 ABŞ dolları) başlayır.

Sportal.az xəbər verir ki, finala ən ucuz biletin qiyməti 2022-ci il dünya çempionatı ilə müqayisədə demək olar ki, yeddi dəfə artıb. Qətərdə açıq satışda ən ucuz biletin qiyməti 450 funt idi.

BBC-nin məlumatına görə, 17 iyun tarixində keçiriləcək İngiltərə – Xorvatiya oyununa biletlər 198 funtdır. Dörddəbir final oyunlarına biletlər 507 funt, yarımfinala isə 686 funt təşkil edir.

“Avropa Futbol Azarkeşləri” adlı fanat qrupu FIFA-nın “qəddar” qiymət siyasətindən şoka düşdüyünü bildirib.

Azarkeşlər dərhal bilet satışının dayandırılmasını tələb ediblər və ən ucuz kateqoriyada biletlərin olmamasını “dünya çempionatının ənənələrinə böyük xəyanət” adlandırıblar. Onların sözlərinə görə, bu qərar azarkeşlərin bu tədbirə verdiyi töhfəni tamamilə görməzdən gəlir.

Qrup bildirib ki, FIFA “iştirakçı assosiasiyalara ayrılan biletlərin satışını dərhal dayandırmalı, bütün maraqlı tərəflərlə məsləhətləşmələr aparmalı və qiymətləri, həmçinin kateqoriyalara bölünməni yenidən nəzərdən keçirməlidir. Bu, dünya çempionatının ənənələrinə, universallığına və mədəni əhəmiyyətinə hörmət edən bir həll tapılana qədər davam etməlidir”.

“2018-ci ildə dərc olunan ərizə sənədində 21 dollardan başlayan biletlər vəd edilmişdi. Bəs o biletlər indi haradadır?

Həmin sənədə əsasən, finala qədər bütün oyunlar üçün ən ucuz kateqoriyadan alınan biletlərin ümumi qiyməti 2242 dollar olmalı idi. Bu vəd çoxdan unudulub”, – deyə “Avropa Futbol Azarkeşləri” bildirib.

Xəbər xətti