"Qarabağ"la görüşdəki 0:7 hesablı məğlubiyyət komandamıza psixoloji cəhətdən çox pis təsir etmişdi. Düzü, o matçdan sonra "Kəpəz"lə oyuna da hazırlaşmaq çətin idi. Lakin hər birimiz həmin məğlubiyyəti unudub, oyuna yaxşı hazırlaşdıq və qələbə qazanmağı bacardıq. "Kəpəz"ə qarşı görüşün də çətin olacağını bilirdik. Hesab 4:1 olsa da, oyun çox ağır keçdi. İki komanda üçün də vacib matç idi. Fikrimcə, biz qələbəni daha çox istədik və sonda üç xalı qazandıq.
Bu sözləri “Karvan-Yevlax”ın futbolçusu Rauf Rüstəmli Sportal.az saytına açıqlamasında deyib.
“Kəpəz”lə görüşdə het-trik edən yarımmüdafiəçi öz performansı barədə isə bunları deyib: "Bu matç mənim üçün də çox yaxşı alındı. Şükür Allaha, üç qol vuraraq komandama kömək etdim. Onsuz da, mən hər oyunda əlimdən gələnin ən yaxşısını edib, komandaya xeyir vermək istəyirəm. Rəqibdən və oyundan asılı olmayaraq, belədir. Bunun üçün çox çalışıram".
Sonda isə Rüstəmli “Karvan-Yevlax”ın Premyer Liqada qalmaq şanslarını dəyərləndirib: “Vəziyyətə real baxsaq, xal fərqi böyükdür. Ancaq bizim son oyuna qədər Premyer Liqada qalmaq inamımız qalacaq. Hər matça qələbə üçün çıxırıq. Bu qələbənin ardını gətirərək, xallar qazanmağa çalışacağıq”.
Mirbağırağa
