Rəşad Sadıqov: "Turan Tovuz"a qarşı heç vaxt hörmətsizliyim olmayıb"

21:52 - 21 Aprel 2026

"Zirə" Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Turan Tovuz"la qolsuz heç-heçə edərək finala yüksəlib.

Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Olduqca stressli oyun keçdi. Matçdan qabaq da buna hazırlaşmışdıq. Bu il ən gərgin oyunumuzu keçirdik. 60-65-ci dəqiqəyə qədər meydanda bərabər mübarizə gedirdi. Ondan sonra rəqib riskə getdi. Biz də sonradan müdafiədən oynamağa başladıq. Futbolçularımı təbrik edirəm. Layiqli mübarizə apardılar.

- "Turan Tovuz" standart vəziyyətlərdə güclüdür, amma onlara epizod vermədiniz. Bunun sirri nədə idi?

- Hansısa sirri yoxdur. Çempionatda növbəti turda yenə "Turan Tovuz"la oynayacağıq. Bilmək olmaz nə olacaq. Bu gün sadəcə uğurlu alındı. 

- Birinci matçda baş verən hadisələr var idi. Bu müzakirələr, həmin epizodlar komanda və sizin üzərinizdə basqı yaradırdı?

- Təbii olaraq müəyyən basqı yaradır. Biz də başa düşürük ki, bəzən bu iradlar haqlı olur. Başa düşürük ki, avrokuboklar uğrunda gərgin mübarizə gedir. Ola bilsin hakimlər və rəqib üzərində basqı yaratmaqdan ötrü taktiki gedişatlar olur. Epizodlara gəldikdə, sonra daha rahat baxdıq. Hakimlər də açıqladılar, hər iki epizod penaltidir. Biz də baxdıq. Penalti kimi gəlir. 3-4 tur əvvəl həmin hakim Yevlaxda eyni epizodda penalti qərarı verəndə açıqlama verilmişdi ki, penalti deyil. Futbolçularımla qaydalar, hakimlərlə kommunikasiya üzərində çox işləyirəm. Eyni epizodda iki fərqli şərh olur. Bilmirsən hansı açıqlamanı verəsən. Bizim oyundakı penaltidirsə, ona oxşar epizod "İmişli" - "Qəbələ" oyununda da olub. Epizodlar arasında böyük fərq yoxdur. Mən də deyirəm ki, penaltidir. Bizim çempionatda belə epizodlarda fərqli şərhlər olur. Mübahisəli epizodlar çoxdur. 50/50-yə epizodlar çox olur. Hakimləri də bəzən qınamaq olmur. "Qarabağ"la görüşdə Konatenin epizodu var idi, mənə görə penaltidir. Hər iki komanda finala layiq idi. Birinci oyunda yaxşı fürsətlər yaxaladıq, istifadə etdik. "Turan Tovuz" da finala layiq idi. Biz daha şanslı olduq.

- Finalda rəqibin kim olmasını istəyərdiniz? 

- Elə cütlükdür ki, oradan kimisə özünüzə arzulamırsız. İmkan olsa, ikisi ilə də oynamarsan(gülür). "Qarabağ"ın final təcrübəsi böyükdür. "Sabah" isə bu mövsüm çempionluğa oynayır. İndidən kimisə arzualamaq olmur.

- "Turan Tovuz" rəhbərliyinn açıqlaması media və azarkeşlər tərəfindən tənqid olundu. Belə fikirlər var idi ki, Ehtiram Quliyevin açıqlaması peşəkar səviyyədə deyil. O açıqlamanın bugünkü oyunda şəxsən sizə təsir edirdi? Uduzsanız, çox pis təsir edərdi?

- O açıqlama məni çox məyus etdi. Məsələ hakimi tənqid etməkdən getmir. Penaltilərim verilməsəydi, mən də olsam, tənqid edərdim. Amma orada bəzi açıqlamalar var ki, məyusedicidir. Çox emosional olub. 

- "Turan Tovuz" azarkeşlərinin sizə qarşı şüarları haqda fikriniz necədir? Növbəti oyununuz Tovuzda olacaq...

- Doğma evimə gedirəm. Peşəkar karyeramda ilk addımlarımı orada atmışam. Köhnə azarkeşlər bilir ki, "Turan"a transfer olanda mənə 3 ay oynamağa imkan vermədilər. Fuad Musayev deyirdi ki, "Şəfa"da oynamalısan. Vidadi Əhmədovla, Kazbek Tuayevlə də danışsaz, deyərlər. Dedim ki, "Turan"da oynayacam. Şəhəri çox sevmişdim, azarkeşləri də. Üç ay sonra oynamağa icazə verdilər. Hər zaman demişəm ki, milliyə "Turan"dan düşmüşəm. O klubun mənə etdiyi yaxşılıqları unuda bilmirəm. Azarkeşlərə gəldikdə, araşdırma apardım. Bildim ki, nəyə məyus olublar. "Şamaxı" - "Turan Tovuz" oyununda 75-ci dəqiqədə epizod var idi. Oyunu tribunada izləyirdim. Orada "Turan Tovuz" rəhbərliyi də var idi. Hamı ilə görüşdüm. "Şamaxı" rəhbərliyi də orada idi. Mən ora rəqibi təhlil etməyə getmişəm. "Turan Tovuz" azarkeşləri sol tərəfdə idilər. Onlar mənim əyləşdiyim yeri görmüdülər, danışılanları eşitmirdilər. Deyilir ki, mən penalti epzioduna sevimşəm. Halbuki "Şamaxı" rəhbərliyinə də dedim ki, penalti deyil. "Turan Tovuz"un fanatları onu eşidiblər. Onunla bağlı etirazlar var ki, Rəşad penaltiyə sevinirdi. Maraqlıdır ki, bunu "Turan Tovuz" azarkeşlərinə o formada kim çatdırıb. Tovuza gedəndə öz evimə gedirmiş kimi hiss edirəm. Bir çoxları məni tovuzlu kimi tanıyır. Azarkeşləri kim yanlış istiqamətləndiribsə, düz etməyib. Sevinsəydim, deyərdim ki, ola bilsin sevinmişəm. Amma bu, mümkün deyil. Oyunlara tez-tez gedirəm, stadionda izləmək daha maraqlı gəlir. Heç kim deyə bilməz ki, Rəşad emosional reaksiya verir. Stadiona zövq almağa gedirəm. Qəlblərində bilsinlər ki, "Turan Tovuz"a qarşı heç vaxt hörmətsizliyim olmayıb. Həmişə komanda ilə maraqlanmışıq. Legionerləri səfərə aparanda deyirəm ki, bura mənim evimdir. Bildirirəm ki, buranın azarkeşləri xüsusidir. 

- "Qarabağ"ın bugünkü durumu elədir ki, komandada yorğunluq var, futbolçulrın fikri başqa yerdədir. Komandanın problemi haqda nə düşünürsüz? Sıxıntılı vəziyyətəddə olan "Qarabağ"la qarşılaşmaq istəməzsiz?

- Yox, o səbəbdən rəqib istəmirəm. Finala kim çıxırsa-çıxsın yorğun, istəksiz, motivasiasız olmayacaq. Titul uğrunda son addımdır. Avropa Liqası ilə bağlı məqam da var. Hazırda rəqibi seçmirəm. Xeyirlisi nədirsə o olsun. Sabah çox maraqlı oyun olacaq. "Sabah" - "Qarabağ" matçını səbirsizliklə gözləyirəm. Həmişə "Neftçi" - "Qarabağ" oyunlarını gözləmişəm. İndi artıq "Sabah" da bu oyunlara girib. "Sabah" - "Neftçi, "Sabah" -"Qarabağ" matçları derbidir. 

- Elvin Cəfərquliyevin əvəzedici heyətə göndərilməsi haqda fikriniz necədir? Sizcə, niyə futbolçularımız məhşularşıdqca "ulduz xəstəliyi"nə tutulur? Bəlkə psixoloqla işləsinlər?

- Çıxış yolunun nə olduğunu bilmirəm. Vaxtı ilə bəlkə məndə də xətalar olub. Daha çox çalışa bilərdim, daha dözümlü ola bilərdim. Mənim də xətalarım olub. Kiminsə səhvləri haqda danışmağım düzgün olmaz. Çox istəyərdim ki, yerli oyunçular daha intizamlı olsunlar. Çempionlar Liqasında matçın oyunçusu olmaq asan deyil. Uğuru düzgün balanslaşdırmağa çalışsınlar. Təbii ki, məhşurlaşacaqsan. Bunu düzgün balanslaşdıracaqsan. Əks halda, başqa fəsadlar olacaq.

- Lehinizə verilən yalnış qərarlar ictimaiyyətdə komandanın adına yaraşmayan fikirlər formalaşdırır. Bu durum sizi narahat etmir?

- Əsas etiraz "Turan Tovuz"la kubok oyununda oldu. Bir də "Neftçi" ilə matçda. Hər üç epizod mübahisəyə açıqdır. Oyundan sonra bir dəfə baxdım, elə bildim ki, ofsayd deyil. Amma sonra təkrara baxdıqda, top qapıya gedərkən, Ruana görə Piriç topu görmürdü. Biz də ofsayd olduğunu düşünürük. Belə qərarlar məni sevindirmir. Bundan əziyyət çəkən komanda biz olmuşuq. Uzun illər hakimlikdən çox əziyyət çəkmişik. 40-50 epizod paylaşaram ki, nəticəyə təsiri olub və mövsümün sonunda avrokuboklardan uzaq qalmışıq. Səhv olub. Etiraf edirəm. Zərərimizə olan səhvləri saysaq, uçurum olar. İstəmirəm ki, oyunumuzda səhvlər olsun. "Neftçi"yə vurduğumuz qolda ofsayd olduğunu biləndə oyunun nəticəsinə görə məyus olmuşdum.

Mirbağırağa

Xəbər xətti