Azərbaycanda çıxış edən legionerin oğlu uşaq çempionatında qolları sıralayır - VİDEO

14:22 - 30 Aprel 2026

"İmişli"nin futbolçusu Rafael Vieqasın oğlu Joao Vieqas vurduğu qollarla atasından daha çox diqqəti çəkə bilib. 

Sportal.az xəbər verir ki, braziliyalının oğlu “Tekin” uşaq futbol komandasında oynayır. Joao AFFA U-9 liqasında həm vurduğu qollar, həm oyun zəkası və driblinqləri ilə adından söz etdirə bilib. O, ümumi performansı ilə hazırda liqanın ən yaxşılarından hesab edilir. Doqquz yaşlı futbolçu məhz atasının Azərbaycana gəlməsindən sonra “Tekin” uşaq futbol komandasında oynamağa başlayıb. Bu klub isə 9 ildir ki, fəaliyyət göstərir.

Komandanın baş məşqçisi Eyvaz Mərdanov Sportal.az saytına açıqlamasında Joaonun "Tekin"ə cəlb edilməsindən bəhs edib:

"İmişli”nin futbolçusu İdris İnqilablı dostumdur. Onunla bir dəfə “Ruslan-93” tərəfdə görüşmüşdük. Həmin vaxtı da gördüm ki, stadionda bir uşaq tək futbol oynayır. Onun elə oradakı hərəkətləri diqqətimi çəkdi. Anası yanında idi, ona yaxınlaşdım və haqqında anasından məlumat aldım. Bildirdim ki, bizim komandaya gələrsə, daha yaxşı oyun göstərə bilər. Joao da komandamıza qoşuldu, tez bir kollektivə uyğunlaşdı, özünü də azərbaycanlı kimi hiss edir, çox mehriban uşaqdır. Üstəlik, Azərbaycan dilidə hazırlığa da gedir. Valideynləri də çox yaxşı insandır, gözəl münasibətimiz var. Bilirsiz, atası da futbolçudur, o da hər zaman maraqlanır. 

Bilirsiz, Joao göstərdiyimiz hərəkəti tez götürür, qərar verməyi daha tezdir. Dediklərimizə dərhal qulaq asır və yerinə yetirir. Amma bizim komandada yerli uşaqlar da var ki, çox güclüdür. Joaonun hazırkı duruma gəlməsi, bu formada oyun göstərməsi məşqçilərimizin və yerli futbolçularımızın da göstərdiyi işin nəticəsidir. Komandamızda hamı Joaoya hər zaman kömək edir. Sadəcə onun bitiriciliyi, tez qərar verməsi, qol hissiyatı həqiqətən güclüdür. Təbii ki, həm onun, həm də digər uşaqların da ən yaxşı səviyyəyə çatması üçün əlimizdən gələni edirik. Azərbaycan futboluna yeni-yeni oyunçular qazandırmağa çalışırıq”.

Mirbağırağa

Xəbər xətti