"Turan Tovuz"un kapitanı Faiq Hacıyev Sportal.az saytına müsahibə verib.
- "Turan Tovuz" "Zirə" ilə matçda qələbə qazana bilmədi. Səncə, nəyə görə qalib gəlmək alınmadı?
- Əslində, oyuna yaxşı hazırlaşmışdıq. Çətin matç olacağını isə gözəl bilirdik. Qalib gələrək, işimizi də asanlaşdırmaq niyyətində idik. Hər iki komanda yaxşı oyun oynadı. Məncə, 1:1 ədalətli hesab idi.
- Ölkə kubokunda "Zirə" səddini keçə bilmədiyinizə görə, bu dəfəki görüşə revanş hissi ilə çıxmışdınız?
- Xeyr. Belə bir şey yox idi. Futboldur da. Kubokda uduzmağımıza görə bu dəfəki matça revanş hissi ilə çıxmamışdıq. Sadəcə biz yerimizi möhkəmləndirmək üçün bu matça daha motivasiyalı çıxmışdıq. O da qalib gəlmək alınmadı.
- “Turan Tovuz"un ikinci pilləni tutmaq şansı da var. Yəqin ki, kubokdan uzaq qaldıqdan sonra indiki əsas məqsəd mövsümü məhz ikinci pillədə başa vurmaq olacaq?
- Belə şansımız varsa, sona qədər onun uğrunda mübarizə aparacağıq. Necə olacağını zaman göstərəcək. Bizi bu həftə “Qarabağ”a qarşı vacib oyun gözləyir. İlk növbədə o matçda qələbə qazanaraq, daha sonra nələrisə düşünə bilərik.
- Maraqlıdır ki, komanda ikinci yeri tutarsa, "Sabah" da həm liqada, həm də kubokda çempionluğu qeyd etsə, Avropa Liqasına yollanacaqsınız. Avropa Liqası, ya Konfrans Liqası arasında sizin üçün fərq var?
- İndiki durumda bunları düşünmürük. Çünki lap əvvəl qələbələr qazanmaq lazımdır ki, o mövqedə qərarlaşaq. Bunu etdikdən sonra siz dediyiniz məsələləri düşünmək mümkündür.
- İkinci yer üçün növbəti addımı məhz elə 30-cu turda ata bilərsiniz. Qarşıdakı turda rəqibiniz "Qarabağ"dır. Onları səfər meydanında məğlub etmək mümkün olacaq?
- Oyuna yaxşı hazırlaşırıq. Matç zamanı da maksimumu etməyə çalışacağıq. Daha az səhv edən, daha çox səbirli olan komanda bu matçda qalib gələcək.
- “Turan Tovuz"la müqavilə müddətini başa çatır? Komandada qalmaq istəyirsən, yeni müqavilə imzalamağı planlaşdırırsan yəqin? Komanda ilə avrokuboklarda oynamaq istəyin çoxdur yəqin?
- “Turan Tovuz”la daha bir illik müqaviləm var. Mövsüm başa çatdıqdan sonra hər şeyə aydınlıq gətiriləcək. Hələ ki bütün fikrimiz oyunlara yönəlib.
Mirbağırağa
saytlarin hazirlanmasi
