"Real"ın müdafiəçisi David Alaba karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Yuventus" avstriyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
Alabanın agenti Pini Zahavi artıq bir neçə həftədir İtaliyadadır. O, 33 yaşlı mərkəz müdafiəçisinin mümkün keçidi ilə bağlı Turin klubu ilə ilk danışıqları aparıb. Tərəflər arasındakı təmaslar müsbət qiymətləndirilir.
Keçidin reallaşması üçün Alaba maaşının ciddi şəkildə azaldılmasına razı olmalıdır. Müdafiəçi hazırda Madrid klubunda mövsümə təxminən 10 milyon avro qazanır. Avstriya millisinin üzvünün "kral klubu" ilə müqaviləsi mövsümün sonunda başa çatır və tərəflər əməkdaşlığı davam etdirməyi planlaşdırmırlar.
Qeyd edək ki, David Alaba cari mövsümdə "Real"ın heyətində bütün turnirlərdə 14 matçda iştirak edib və məhsuldar göstərici ilə seçilməyib.
saytlarin hazirlanmasi
