"Kəpəz"in müdafiəçisi: "Yaxşı komanda olduğumuzu sübut etdə bildik" - MÜSAHİBƏ

14:18 - 14 May 2026

"Kəpəz"in müdafiəçisi Rauf Hüseynli Sportal.az saytına müsahibə verib. 

- "Kəpəz" son matçda “Sabah”ı məğlubiyyətə uğratdı. Bu görüş sizin üçün necə keçdi? Qalibiyyəti özünüz ehtimal edirdiz, yoxsa bir xala da razı idiz?

Çətin və mübarizəli oyun keçdi. Oyundan qabaq komanda şəklində söhbətimiz olmuşdu. Bu oyunda qələbə qazanaraq məsələyə aydınlıq gətirib, Premyer Liqadakı yerimizi qorumaq istəyirdik. Şükürlər olsun ki, bunu bacardıq.

- Ölkə çempionluğunu rəsmiləşdirmiş komandaya qarşı oynayırdınız. Onlar üzərindəki qələbədə əsas həlledici məqam nə oldu?

Əsas məqam sona qədər mübarizə apararaq, təslim olmayıb, qələbə üçün hər şeyimizi ortaya qoymağımız oldu. Çünki bu oyunun mahiyyəti bizim üçün böyük idi. Bunu dərk edirdik. Onun üçün də əlavə motivasiya ilə oynadıq və istəyimizə nail olduq.

- Bu mövsümün və ötən mövsümün çempionlarını məğlubiyyətə uğratmaq necə hissdir?

Təbii ki, bu və ötən mövsümün çempionlarını məğlub etmək çox xoş və qürurverici hissdir. Çünki komandamızın potensialının olduğunu düşünürəm. Həqiqətən də biz yaxşı komandayıq. Biz bunu sübut edə bildik. 

- "Kəpəz" Premyer Liqada qalmaq işinin öhdəsindən gələ bildi. Oyunlara bu cür stresslə çıxmaq yəqin ki, daha ağır idi? 

Müəyyən stress var idi. Ancaq güclü kollektivsinizsə, bu stresslə yaxşı performans göstərə bilməlisiz. Bizim də bunu bacardığımızı düşünürəm.

- Növbəti turda “Araz-Naxçıvan”la qarşılaşacaqsız. Bu oyunda qələbə qazanmaq, ya da bir xal əldə etmək mümkün olacaq?

Yaxşı hazırlaşırıq. Meydana qələbə qazanmaq üçün çıxacağıq. Mövsüm hələ ki bitməyib. İki oyunumuz qalıb. Bu oyunlardan da maksimum nəticə qazanmağa çalışacağıq.

Mirbağırağa

Xəbər xətti