"Qarabağ"ın yeni transferi Bruno Lanqa Azərbaycan futboluna tamamilə yad sima sayıla bilməz. Mozambikli müdafiəçi karyerası ərzində “Qarabağ”da oynamış, həm də Azərbaycan Premyer Liqasında çıxış edən və etmiş bir sıra futbolçularla komanda yoldaşı olub.

Juninyo Olavio
Lanqanın Azərbaycan futbolu ilə əlaqələri əsasən Portuqaliyanın "Çaveş" klubuna təsadüf edir. Müdafiəçi 2021-2024-cü illərdə bu komandada çıxış edərkən sonradan "Qarabağ"ın formasını geyinən Juninyo Olavio ilə birlikdə oynayıb. Braziliyalı hücumçu 2021-2023-cü illərdə "Çaveş"in heyətində Lanqanın komanda yoldaşı olub.
Quima
Ağdam klubunun yeni transferi “Zirə”nin aparıcı futbolçusu Quima ilə də uzun müddət eyni komandada çıxış edib. Hər iki futbolçu 2021-2024-cü illərdə "Çaveş"in uğurları üçün çalışıb.

Jo Batişta
Hazırda "Turan Tovuz"un şərəfini qoruyan Jo Batişta da Lanqanın köhnə tanışlarındandır. Hücumçu 2022-ci ildə "Çaveş"ə qoşulub və 2025-ci ilə qədər klubun formasını geyinib. Bu müddətdə o, mozambikli müdafiəçi ilə bir komandada oynayıb.

Rafael Quzzo
"Neftçi"nin sabiq futbolçusu Rafael Quzzo ilə yolları isə daha əvvəl kəsişib. Hazırda Portuqaliyanın "Maritimo" klubunda çıxış edən yarımmüdafiəçi 2019-2021-ci illərdə "Çaveş"in üzvü olub. Lanqa da 2021-ci ildə komandaya qoşulduğundan, onların qısa müddət ərzində birlikdə oynamaq imkanı yaranıb.

İqor Noqeyra
"Sabah"ın heyətində Azərbaycan çempionluğunu yaşayan İqor Noqeyra da Lanqanın tanıdığı simalardandır. Hər iki futbolçu 2023-2024-cü illərdə "Çaveş"in uğurları üçün çalışıb.

Klesio
Azərbaycan futbolsevərlərinə yaxşı tanış olan başqa bir ad isə Klesio Baukdur. Vaxtilə "Qəbələ"də oynamış vingerlə Lanqa klub səviyyəsində yox, Mozambik millisində komanda yoldaşı olub.

David Luiz – Luis Suarez
Bruno Lanqa yalnız Azərbaycan futbolu ilə əlaqəsi olan oyunçularla deyil, dünya futbolunun tanınmış simaları ilə də eyni formanı geyinib. O, 2025-ci ildə Kiprin "Pafos" klubunda Braziliya millisinin sabiq müdafiəçisi David Luizlə birlikdə çıxış edib. Müdafiəçinin komanda yoldaşları arasında Kolumbiya millisinin hücumçusu Luis Suares də yer alır. Lanqa 2024-2025-ci illərdə İspaniyanın "Almeriya" klubunda hazırda "Sportinq"in formasını geyinən forvardla eyni komandada olub.

Beləliklə, "Qarabağ"ın yeni transferi Azərbaycana gəlməzdən əvvəl həm Premyer Liqanın hazırkı iştirakçılarından, həm də vaxtilə ölkəmizdə çıxış etmiş futbolçulardan ibarət kifayət qədər geniş tanış çevrəsinə sahibdir.

Mirbağırağa
saytlarin hazirlanmasi
