"Sabah"da oynadığım vaxtlarda gördüm ki, klub rəhbərliyinin gələcək üçün böyük planları var" - "Partizan" və "Srvena Zvezda"da oynamış futbolçu

14:55 - 10 Sentyabr 2026

"Sabah"ın sabiq futbolçusu, “Partizan”, “Srvena Zvezda”, “Boavişta” kimi klublarında oynamış Miloş Bosançiç Sportal.az saytına müsahibə verib.

- Deyəsən, hazırda futbolçu karyeranızı davam etdirirsiniz, yoxsa başa vurmusunuz? İnternet portallarda karyeranızı davam etdirdiyiniz qeyd edilib...

Peşəkar karyeramı 2021-ci ildə başa vurmuşam. Ciddi səhhət problemlərim var idi. Ona görə də peşəkar karyeramı yekunlaşdırdım.

- Vaxtı ilə “Sabah”ın formasını geyinmisiniz. Bu klubdakı çıxışınızı necə xatırlayırsınız? Sizin üçün uğurlu alındı?

Azərbaycandakı ilk klubum “Keşlə” olmuşdu. Müqavilə bağladıqdan sonra bir neçə ay orada qaldım. O vaxt klub yeni idi, təşkilatçılığın daha yaxşı olmasını gözləmək mümkün idi. Yadımdadır, komandamız da pis deyildi, amma məşqçimiz o qədər yaxşı deyildi. "Sabah"ın Çempionlar Liqasında oynadığını görəndə təəccübləndim. Onlara böyük təbrik düşür. Uğurlar arzulayıram. 

- “Sabah” Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməyi bacardı. Bu gün də “Mançester Yunayted”lə qarşılaşacaqlar. Bu matçdan gözləntiləriniz nədir?

“Mançester Yunayted”ə qarşı matç “Sabah” üçün böyük təcrübə olacaq. Ümid edirəm ki, “Sabah” bu görüşdə müsbət nəticə qazana biləcək. 

- “Sabah” 9 ildir fəaliyyət göstərir, amma bu cür uğura imza atmağı bacardı. Bu klubda oynayarkən "Sabah"ın qısa müddətdə belə uğur qazana biləcəyini heç təsəvvür edərdiniz?

“Sabah”da oynadığım vaxtlarda görüdüm ki, klub rəhbərliyinin gələcək üçün böyük planları var. Təbii ki, o vaxtdan bunu sezmək mümkün idi. Lakin düzünü deyim, bu cür uğur qazanacaqlarına inanmazdım. Onlara afərin.

- Azərbaycana gəlməzdən əvvəl "Partizan", "Boavişta", "Srvena Zvezda" kimi klublarda oynamısınız. Sizin üçün Azərbaycandakı karyeranız hansı mərhələdədir?

Bəli, karyeram ərzində bir çox klubda oynamışam. Amma sizə açıq deyim ki, Azərbaycandakı təcrübəm mənim üçün yaxşı deyildi. Çünki yaxşı xatirələrim yoxdur.

- Yeri gəlmişkən, “Sabah”ın heyətində ən çox hansı oyunçunu bəyənirsiniz? Velko Simiç həmyerlimizdir və sizin kimi "Sabah", "Srvena Zvezda" və Serbiya millisində oynayıb. Onun haqqında nə düşünürsünüz?

Elədir, Velko Simiç yaxşı oyunçudur. O, özünü "Sabah"da tapıb. Özü də hiss olunur ki, klubdan zövq alır, ona daha çox uğurlar arzulayıram.

- "Sabah"ın ÇL-dəki oyunlarını canlı izləməyi planlaşdırırsınız? 

Əlbəttə ki, çalışacam bütün matçlara baxım. Ümidvaram ki, “Sabah” uğurlu nəticə qazanacaq.

Mirbağırağa
 

Xəbər xətti