Klub kimi, Qusar şəhər stadionu da dağıla bilər
Qusar futbolu deyəsən, son günlərini yaşayır. Tək Qusar futbolu yox, bütün Şimal bölgəsinin futbolu. Çünki hazırkı durumda bu bölgənin ölkə futbolundakı yeganə təmsilçisi məhz “Şahdağ"dı. Söhbət peşəkar liqalarda olan təmsilçilərdən gedir. Əgər “Şahdağ" dağılsa, hər şey də buna doğru gedəcək, Şimal zonası futbolsuz qalacaq.
Bıçağın sümüyə dirəndiyi an
Çoxlarına məlumdur ki, “Şahdağ" klubunun sponsoru “Azenko" ASC-dir. Deyilənə görə, bu şirkət Azenerjinin sabiq rəhbəri Etibar Pirverdiyevə məxsusdur. Amma araşdırma apararkən hansısa mənbədən bunu təsdiqləyən rəsmi fakta rast gəlmədik. Əvəzində şirkətin İdarə Heyətinin sədrinin Vüqar Şahmuradov olduğunu öyrəndik. Məhz bu şirkət bir neçə il Qusar klubunu maliyyələşdirib. Hətta bir ara komanda I Divizionda uğurlu çıxış edərək ilk “üçlüy"ə də xeyli yaxınalşmışdı. Lakin ötən mövsümün sonuna yaxın vəziyyət qəlizləşməyə başladı. Məlum devalvasiyadan sonra hər şey daha da pisləşdi. Mövsümün əvvəlindən isə kluba maliyyə yardımı demək olar ki, dayandı. Ara-sıra verilən cüzi məbləğləri saymasaq, “Şahdağ" futbolçuları normal maaş, mükafat üzü görmədilər. Təsadüfi deyil ki, futbolçular da verdikləri müsahibələrində 8-9 aydır maaş almadıqlarını etiraf edirlər. Bu cür ağır duruma baxmayaraq, futbolçular maksimum səbr və dözümlülük göstərdilər. Təsəvvür edin, qış fasiləsindən sonra maaş almaya-almaya komanda 8 oyunda uduzmadı, “Neftçala", “Qaradağ Lökbatan" kimi komandaları məğlub etməyi bacardı. Hər kəs ümid edirdi ki, bəlkə şirkət rəhbərliyi insafa gəlib cüzi də olsa maaşdan, mükafatdan nə isə verəcək. Ancaq təəssüf ki, sözügedən şirkət komandaya qara qəpik də vermədi. “Şərurspor"la son tur matçı isə bıçağın sümüyə dirəndiyi matç oldu. Səbr kasası dolan futbolçular “üsyan" edərək ev matçına çıxmaqdan imtina etdilər.
Nə yaxşı ki, Niftiyev var
Əslində “Şahdağ" yanvarda fəaliyyətini dayandırmalı idi. Çünki yuxarıda qeyd etdiyimiz kimi, vəziyyət elə o vaxtdan yaxşı deyildi. Lakin klubun prezidenti Ərəstun Niftiyevin sayəsində komanda mövsümün sonuna kimi gəlib çıxa bildi. Niftiyevə “qəhrəman prezident" adını vermək lazımdır. Təsəvvür edin, bu adam “Şahdağ"ın həm prezidenti idi, həm də fəhləsi. Adam şəxsi avtomobilini belə, komanda üçün satışa çıxardı. Təbii ki, bir avtomobillə mövsüm boyu komanda saxlamaq olmaz. Klub prezidenti qapı-qapı düşüb pul axtarmaqdan da çəkinmədi. Çünki Qusarın kəndlərindən, eləcə də Bakıdan gələn futbolçuların gedib-gəlməsi üçün yol pulu tapmaq lazım idi. Məhz bu səbəbdən Niftiyev hər oyundan əvvəl müxtəlif şəxslərə ağız açıb borc pul istyirdi. Hətta deyilənə görə, onun Qusarda borclu olmadığı adam yoxdur. Özü də son oyunların birində gəlib futbolçulara demişdi ki, “artıq borc verən də yoxdur, 60 manat güclə tapdım, birtəhər bölüşdürüb evinizə gedin".
Şirkətin oyunu?
Əslində, komanda bu günə düşməyə bilərdi. Çünki bizə çatan məlumata görə, komandaya sahib çıxıb ona sponsorluq etmək istəyən şəxslər olub. Sadəcə, bunun üçün “Azenko" rəhbərliyi klubdan rəsmən imtina etməli, möhürü və bütün vacib sənədləri yeni sponsora təhvil verməli idi. Lakin çox maraqlı və eyni zamanda anlaşılmaz bir haldı ki, komandaya baxa bilməyən və yaxud da baxmaq istəməyən şirkət rəhbərliyi bunu da etmir. Yəni, nə komandaya əl tuturlar, nə əl çəkirlər. Ki, bunu istəyənlər etsin. Elə isə şirkət rəhbərliyinin niyyəti nədir? Komandaya baxa bilmirsənsə və niyyətin Qusarda futbolun yaşamasıdırsa, şərair yarat, komandanı istəyənlər götürsünlər. Əgər bunu da etmirsənsə, deməli, başqa, xoş olmayan niyyətin var. Bu niyyətin sonu isə komadanın dağılmasına gətirib çıxardır.
AFFA-nın və Qusar rəhbərliyinin laqeydliyi
Deyəsən, “Şahdağ"ın varlığı heç AFFA-ya və Qusar rayon rəhbərliyinə də lazım deyil. Çünki belə olmasaydı, heç olmasa onlar komandaya müəyyən yardım edərdilər. Ancaq yardım bir yana, mövsüm ərzində rayon rəhbərliyi bir dəfə də olsun maraqlanmayıb ki, axı, siz bu rayonu təmsil edisiniz, bəlkə hansısa xırda məsələdə bizim də köməyimiz dəyə bilər. Özü də Qusar stadionu düz icra hakimiyyətinin yanında yerləşir. Görünür, elə rayon rəhbərliy də komandanın dağılmasında maraqlıdır. O ki qaldı AFFA-ya, bəli, federasiyanın hansısa kluba sponsorluq etmək kimi bir öhdəliyi yoxdur. Amma hər kəs gözəl bilir ki, bu gün Premyer Liqa klublarının 70, I Divizion klublarının isə demək olar ki, 90 faizinin sponsoru AFFA-dır (SOCAR). Elə isə olmazdı ki, son 2-3 ayda “Şahdağ"a da müəyyən köməklik edilərdi? Guya buna nə böyük xərc lazım idi? “Şahdağ"ın futbolçuları indiki halda 200-300 manat da razı idilər ki, təki yol pulu üçün ciblərində nə isə olsun. Həm AFFA dərk etməlidir ki, ölkədə tarixi olan istənilən klubun dağılması ilk növbədə onlara böyük zərbədi. Əgər federasiya “Şahdağ"ın göz görə-görə dağılmasına bu cür laqeyd qalırsa, demək, bölgə futbolunun ayaqda qalması onların da vecinə deyil.
Qusar stadionu üstündə mübarizə başladı
Ortaya çıxan mənzərə budur ki, “Şahdağ"ın dağılması düşünülmüş bir planın tərkib hissəsidir. Çünki bəzi şəxslərin öz biznesini genişləndirmək üçün klubun dağılması mütləqdi. Bizə çatan son məlumatlar da bunu deməyə əsas verir. İş ondadır ki, “Şahdağ"ın “Şəruspor"la matça çıxmamasımndan və dağılması haqda məsələ gündəmə gələndən sonra Şövkət Orduxanov adına stadionu ələ keçrmək uğurunda mübarizə başlayıb. Məlumata görə, artıq bir neçə iş adamı həm “Azenko"ya, həm də Qusar rayon rəhbərliyinə müraciət edərək stadionu almaq istədiklərini bildiriblər. Təbii ki, stadionu alıb nə təmir edəcəklər, nə də yenidən qurub orada komanda yaratmayacaqlar. Yerlə-yeksan edib, yerində yeni istirahət mərkəzi tikəcəklər. Olanlar da bilir ki, Qusar stadionu münasib yerdə yerləşir. Düz Şahdağ istirahət mərkəzinə gedən yolun üstündədir. Orada hansısa istirahət mərkəzi, otel inşa etmək gələcəkdə xeyli gəlir gətirə bilər. Bu mənada biznesmenlərin də stadion uğurunda mübarizəsi başadüşüləndi. Bax belə. Sonra da deyirik ki, futbolumuz niyə bu gündədi...
Anar XANLAROV
“Het-trik news”
saytlarin hazirlanmasi