"Qarabağ"ın kapitanı, Azərbaycan U-21 millisinin baş məşqçisi Rəşad Sadıqov Qol.az saytına müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir: (əvvəli bu linkdə http://sportal.az/news/94372 )
- Ndlovunun “Qarabağ”dan gedişindən çox danışdıq. Özün də bayaq yerli futbolçulardan bir neçəsinin adını çəkdin ki, onlar “Qarabağ”a ürəkdən bağlıdılar. Gənc, yerli futbolçulardan söz düşəndə Ramil Şeydayevin ehtiyatda qalmasına, rəqabətdə uduzmasına təəssüflənməmək olmur. Sənə elə gəlmir ki, Ramil karyerasına bundan sonra da zərbə dəyməməsi üçün “Qarabağ”dan getməlidi?
- Məsələ burasındadı ki, Şeydayev “Qarabağ”a problemli gəlmişdi. Davamlı futbol oynamamışdı, tam formada deyildi. Onun yaxşı potensialı var, yaxşı futbolçu ola bilər. Amma Ramilə təcili şəkildə oyun təcrübəsi, daim oynayacağı bir klub lazımdır.
- Yəni getməlidir “Qarabağ”dan?
- Onsuz da bizdə icarədədir, mayın sonu da müqaviləsi bitir. “Trabzonspor”a qayıdacaq. Ona çox vacibdir ki, oyuna çıxsın.
- Artıq belə qərar verilib?
- Yox, hələ qərar mayda veriləcək. Bu haqda indidən söhbət yoxdur. Bəlkə elə bundan sonra “Qarabağ”da forma qazanıb, əsas heyətdə möhkəmlənəcək. Amma yenə deyirəm, mayda oturub yaxşı düşünməli və mütləq çox oynaya biləcəyi yerə getməlidir.
- Ramili az oynatdığına görə Qurban Qurbanov axır vaxtlar tənqid edilir.
- Bu tənqidlərin heç biriylə razılaşmıram. Çünki Qurban müəllim ədalətli insandır. Bu gün kim əsas heyətdə oynayırsa, deməli, o buna layiqdir. Bizdə bu prinsip birinci növbədə gəlir.
- Biz yenidən milli haqda danışaq. Ölkənin əsas komandasında karyeranı bitirdikdən gərək ki, 2 ay sonra Qurban Qurbanov milliyə baş məşqçi təyin edildi. Bu gün verdiyin o qərara hardasa heyfslənmirsən ki? Axı, onunla bir yerdə futbol oynamısan, klubda sənin məşqçin də olub və indi də millidədi… Amma millinin çalışdırıcısı olaraq, onun rəhbərliyi altında oynaya bilməyəcəksən.
- İnanın Allaha, zərrə qədər də qərarıma heyfslənmirəm. Mən heç vaxt keçmiş üzərində dayanmağı xoşlayan insan olmamışam. Demək ki, Allah belə məsləhət bilib. Mənə də hamı deyirdi ki, millinin oyununu kənardan izləmək sənə çox ağır olacaq, darıxacaqsan. Amma Moldova ilə builki yoxlama oyunu mənim üçün bir sınaq idi. Fikirləşdim ki, görəsən, nə hisslər keçirəcəyəm. Kənardan oyuna rahat baxdım. Çünki məsuliyyətli, narahat insanam. Hər oyun milli forması ilə meydana çıxanda da narahat idim. Fikirləşirdim, necə olacaq, nə cür oynayacam, azarkeşlərimiz, xalqımız baxır. O formanı əynimdən çıxarandan sonra sanki rahatlıq gəldi, məsuliyyətim azaldı. Əlbəttə, hamı millidə oynamaq istəyər. Amma o yükü üzərimdən qoymuşam kənara, bir az rahatlaşmışam.
- Futbolçu kimi kənara qoymusan, amma indi daha ağır proses başlayır. Məşqçilik. Məsuliyyətin artacaq. Sənin təyinatınla bağlı sualım sonra olacaq. İndi bir məsələnin üzərinə gələk: Qurban Qurbanov milli komandanın baş məşqçisi təyin olunmazdan əvvəl bu haqda səninlə söhbət etdi?
- Hər şey çox ani baş verdi. Ani və gözlənilməz. Aramızda milli barəsində söhbətlərimiz həmişə olub. Milli elə bir yerdi ki, hər hansı bir məşqçinin ora getməsi üçün əlavə məsləhətə ehtiyac yoxdu. Çünki hər şey - bütün futbolçular, atmosfer göz qabağındadır. Təyinata qədər hamımız mətbuatda oxuyurduq ki, o vaxtkı baş məşqçi Robert Prosineçkinin müqaviləsinin müddəti uzadılacaq. Hətta uzadıldığı deyildiyi bir məqamda Qurban müəllimə təklif oldu. Bununla bağlı AFFA rəhbərliyinin onunla keçirdiyi görüşdə artıq razılıq əldə edilmişdi. Yalnız bundan sonra biz görüşdük. Yəni buna qədər oturub danışaq, nəyisə müzakirə edək, yox, belə şey olmamışdı. Dedi, belə bir təklif irəli sürüldü və qəbul etdim. Yəni müzakirə olunacaq təklif də deyildi. Qəbul olunmalı idi, olundu da.
- Sənin U-21 millisinin baş məşqçisi olacağın da elə o ərəfədə bilindi?
- Xeyr. Onda U-21 mövzusu, ümumiyyətlə, yox idi. Həmin vaxt fikir bu idi ki, Samir Ələkbərov və Aslan Kərimov mövsumun sonuna qədər işlərini davam etdirəcəklər. Amma qəfildən onlarla yollar ayrıldı. Bundan sonra komanda mənə təklif olundu, amma mən düz 15 gün “yox” dedim.
- Təklif kimdən gəlmişdi? AFFA-nın rəhbərliyi, yoxsa Qurban Qurbanovdan?
- Mənə millidə işləmək təklifini ən birinci hələ ötən ilin sentyabrında AFFA-ın baş katibi Elxan Məmmədov irəli sürmüşdü. Yaşar Vabahzadənin gedişindən sonra Elxan müəllimlə görüşümüz oldu, soruşdu ki, nə düşünürsən? Hələ onda Samir Ələkbərov millidə yox idi, baş məşqçi vəzifəsi boş idi. Elxan müəllim dedi ki, istəyirəm, baş məşqçi sən olasan. Sual verdi ki, futbolçu karyeran barədə nə fikirləşirsən? Çünki o vaxt qışda karyeramı bitirəcəyim haqda söhbətlər vardı. Mən də cavab verdim ki, hələ oynamaq fikrindəyəm. O da qeyd etdi ki, karyeranı bitirdikdən sonra səninlə bağlı böyük planlarımız var.
- Belə deyək, U-21-dəki bu vəzifə hələ o vaxtdan AFFA tərəfindən sənin üçün “bron” edilmişdi?
- Yox, bu vəzifəni deməyək. O vaxt artıq milli karyeramı bitirəcəyimi elan etmişdim. Elxan müəllimlə geniş görüşümüz oldu. Dediyim kimi, bildirdi ki, səninlə bağlı böyük planlarımız var. Mən də dedim ki, hələ oynayıram, karyeramı tam bitirim, oturub bu məsələni bir də müzakirə edərik. Sonra – artıq Qurban müəllim millinin baş məşqçisi təyin olunanda U-21-dəki həmin vəzifəni bu dəfə o mənə təklif etdi. Amma daha dəqiq bilmədim, bu haqda onun Elxan Məmmədovla söhbəti olmuşdu, ya yox. Qurban müəllim təklifi edəndə isə ona mənfi cavab verdim. Çünki bu işin məsuliyyəti böyükdü. Həm də U-21 seçmə mərhələyə uğursuz başlamışdı, komanda daxilində də bir az söz-söhbət vardı.
Bundan sonra Qurban müəllim mənimlə söhbətində mənə yeni yaradılacaq U-20-də işləməyi təklif etdi. Qurban müəllim dedi, bəlkə U-20-ni götürəsən? Əlavə etdi ki, rəsmi oyunları yoxdu, sənin üçün də rahat olar, həm də həmin yaş qrupunu yaxşı tanıyırsan. Çünki keçən il mən U-19 liqasında məşqçi kimi iştirak etmişdim. Qurban müəllimin israrından sonra bu vəzifədə işləməyə razılıq verdim. Sonra elə oldu ki, Samir Ələkbərov və Aslan Kərimov U-21-dən getdilər və bu vəzifə boş qaldı. Bir gün Qurban müəllimlə söhbətimiz zamanı məni U-21-ə dəvət etdi. Amma mən tərəddüd etdim. Hardasa 15 gün bu təklifi qəbul etmədim. Bundan sonra bir gün məni yeməyə dəvət etdi. Gələndə gördüm ki, Elxan müəllim də ordadı. Üçümüz oturmuşduq. Bir az söhbət etdikdən sonra Elxan müəllim mənə milli komandalarımızın yeni təyin olunacaq məşqçilərinin adı yazıldığı siyahını göstərdi. Siyahıda U-21 millisinin baş məşqçi kimi mənim adım yazılmışdı. Dedim, Elxan müəllim, axı, mənim yerim U-21 yox, U-20-di. Onda Qurban müəllim və Elxan müəllim bildirdilər ki, sənin o cavanların yanında olmağına ehtiyacımız var. Sən onlar üçün millinin kapitanısan. Mən də bildirdim ki, hələ futbol oynayıram, mənə ağır gəlir. Güc baxımından yox, vaxt baxımından da yox, sadəcə, oynaya-oynaya U-21-in baş məşqçisi olmağım... Nə bilim. Onlar da dedi ki, biz də başa düşürük, amma istəmirik ki, kimisə gətirək, 5 oyun sonra da getsin. İstəyirik ki, 3-4 il U-21 millisinə də sən nəzarət edəsən. Və ordakı futbolçular da yavaş-yavaş əsas milliyə keçsin. Elxan müəllim dedi ki, həm Qurban müəllimlə eyni futbol fəlsəfəniz var, həm bir-birinizə yaxınsınız, istədiyiniz vaxt məsləhət edə bilərsiniz. Görüş elə oldu ki, mənim daha “yox” deməyə yerim qalmadı.
- İndi həm səndən, həm də Qurban Qurbanovdan gözləntilər çoxdu.
- Mən şəxsən elə düşünürəm ki, biz işimizi yüksək səviyyədə görsək, özümüzü tam olaraq işə həsr etsək, hər şeyi peşəkar səviyyədə qursaq, futbolumuz gələcəkdə qat-qat keyfiyyətli bir səviyyəyə gələcək.
- İlk olaraq futbolumuzda nəyi düzəlmək haqda danışırsınız?
- Birmənalı şəkildə uşaq futbolunu - aşağı yaş qruplarını! Mən bu haqda hələ Romada olanda da danışmışdım. Sonra başqa açıqlamalarımda da demişəm ki, futbolu düzəltməyə birinci aşağı yaş qruplarından başlamaq lazımdır. Əgər oranı düzəltməsək, günü-gündən bizdə geriləmə olacaq. Çünki aşağı yaş qruplarındakı real mənzərə gözümün qabağındadı.
- Bir halda ki, aşağı yaş qruplarındakı problemlərdən danışırıq, onda elə sənin klubun “Qarabağ”dakı duruma toxunaq. Mənə elə gəlir ki, heç sizdə də vəziyyət yaxşı deyil. Aşağı yaş qruplarından “Qarabağ”ın əsas heyətinə son dəfə futbolçunun düşməsindən bəlkə də 7-8 il keçir.
- Heç olmasa, “Qarabağ” milli səviyyəsində 5-6 futbolçu yetişdirib. Digər klublarımızın hər biri də milli səviyyəsində azı 3 futbolçu yetişdirsə, bu, bizim qazancımız olacaq. Özü də akademiyanın öz yetirməsini əsas komandada oynatmaq lazımdı. Bir il hansısa akademiyada oynayıb, sonra gedib başqa komandada parlamamalıdı.
- Azərbaycanda şəraitinə görə ən öndə olan “Qəbələ” Futbol Akademiyasıdır. Bu akademiya barədə düşüncələrin necədi?
- Mən yenə deyirəm, şəraitə qalsa, bizim futbolda normal şərait var. Bəlkə də bizdəki şərait Xorvatiya, Serbiya kimi güclü futbol məktəbi olan ölkələrdən də üstündür. Amma əsas olan işin icrasıdı. Bəli, Qəbələdə akademiya üçün ideal şərait yaradılıb. Bütün perspektivli futbolçuları rəhbərlik seleksiya vasitəsi ilə akademiyaya cəlb edir. Amma həmin futbolçuların yetişməsi yönündə bundan sonra da ciddi işlər görülməlidi. Bu gün söhbət tək “Qəbələ”dən getmir, “Neftçi”dən də, “Qarabağ”dan da danışıram. Biz artıq bir il, il yarımdı ki, “Qarabağ”da akademiyanı düzəltməyə, ora əl gəzdirməyə, perspektivli futbolçuları yığmağa başlamışıq. Akademiyanı daha da yaxşılaşdırma yönündə işlər davam edir.
- Sənə futbolçu karyeranı nə vaxt bitirəcəyinlə bağlı tez-tez sual verilir. Bununla bağlı qəti bir qərara gəlmisənmi?
- Hələ yox. Əgər fiziki durumum imkan versə, bundan sonra daha bir il oynamaq istəyirəm. Bu məsələni Qurban müəllim və Elxan müəllimlə söhbətdə də müzakirə etdik. Mən hələ qəti demirəm ki, karyeramı mövsüm bitəndən sonra davam etdirəcəyəm. Baxacam sağlamlığıma. Zədələr imkan versə, bir il daha oynamaq istəyirəm. Çünki hələ hamı kənardan deyir ki, bitirmə karyeranı, oyna.
Rəşadla söhbətin bundan sonrakı hissəsini daha çox futboldan kənar mövzulara həsr edirik. Məsələn, artıq həyatımızın bir parçasına çevrilmiş sosial şəbəkələrə və...
- Deyəsən, Feysbuk, İnstaqram və Tvitterdə rəsmi səhifələrin yoxdu. Virtual məkanlar səni özünə cəlb etmir?
- Cəlb edir, niyə etmir ki? Bir dəfə “İnstaqram”da hesab açdım, amma başqa adla. Sadəcə, xəbərlər oxumaq niyyəti ilə. Və dedilər ki, orda xəbərlər daha sürətli yenilənir.
- Orda xəbər yox, şəkillər daha çox olur, axı.
- Sizə düzünü deyəcəm, həmin bu “İnstaqram” mənim gündə 2-3 saat vaxtımı alırdı. Bir də baxırdım ki, gecə saat 3-4 olub, yatmamışam, oturmuşam “İnstaqram”da. Bir gün özümə söz verdim ki, artıq işlətməyəcəm. İki həftə istifadə etdim, sonra sildim. Bəlkə nə vaxtsa, karyeramı bitirərəm, vaxtım çox olar, onda yenidən sosial şəbəkələrə girərəm. İndi bunlara vaxtım yoxdu. Yəni indi özümü tam olaraq işə həsr etmişəm. Xüsusilə son 3-4 ildə.
- Feysbukda da yoxsan?
- Xeyr. Heç birində yoxam.
- Amma deyilənə görə, bir çox futbolçu, hətta baş məşqçilər belə başqa adla da olsa, Feysbukdan istifadə edirlər. Elə Qurban Qurbanovun da adı çəkilir.
- Xeyr, Qurban müəllim də Feysbukda yoxdu.
- Rəşad, sosial şəbəkələrdən istifadə etmədiyini desən də, yəqin ki, ordakı müzakirələrdən xəbər tuta bilirsən. Feysbukdakı tənqidləri necə qarşılayırsan?
- Ümumiyyətlə, biz tənqidlərə açıq insanlarıq. Amma tənqid edərkən bir balaca diqqətli olmaq lazımdır. Həmin o tənqid edən insanlar bu işə çox vaxt sərf edirlər. Düzdü, haqlı tənqidlərdən qazandıqlarımız da olur. Amma mənəvi olaraq, çox böyük yükün altındayıq. Hərdən obyektiv tənqid olmayanda adama bir balaca təsir edir. Obyektiv tənqid lap yaxşıdı. Mediada izləyirsən, oxuyursan, ordan özünə nəticə çıxarırsan. Tənqidsiz həyat mümkün deyil.
- Mediadan söz düşmüşkən, bir dəfə hirslənib demişdin ki, bizim futbol nə gündədisə, idman jurnalistikamız da elə o gündədi. Bu gün də həmin fikirdə qalırsan?
- Yox. Elə deməyək. Futbol jurnalistikamız, futbolçular, məşqçilər, həkimlər – bütün futbol ictimaiyyətimiz eyni səviyyədədi. Mən bunu nəzərdə tuturdum. Kimsə kimdənsə yuxarıda deyil. Və sizi inandırım ki, bütün ölkələrdə belədi. İtaliya, İspaniya, İngiltərə... Hər şey bərabər səviyyədə inkişaf edir. Hamı birlikdə ya yuxarı, ya da aşağı gedir. Mən inanmıram ki, mətbuat aşağı getsin, futbol da yuxarı. Yaxud da əksinə.
- Gününün nə qədər hissəsini medianı oxumağa sərf edirsən?
- Günün uzağı yarım saatı mediaya gedir. Futbol xəbərlərini bəzi yerli saytlar var ki, orda izləyirəm. “Feysbuk”da baş verənlərdən isə xəbərim yoxdur.
- Dini baxışların hamıya bəllidir. Mütaliə ilə aran necədi? Dini, yaxud bədii ədəbiyyat oxuyursanmı?
- Ən zəif yerim kitab oxumaqdır. İstər dini, istər bədii, istərsə də tarixi kitabları çox az oxuyuram. Oxumaq mənə çətin, ağır, sıxıcı gəlir. Əsasən videoçarxlara baxmağa üstünlük verirəm, nəinki kitab oxumağa. Məsələn, Qarabağ hadisələri mənə maraqlıdı. Xüsusilə “Yutub”dan çox istifadə edirəm. Müxtəlif videolara baxıram, məlumat alıram.
- Deyəsən, Qarabağ muharibəsində baş verənlərə xüsusi bir həssaslığın var. Yadımdadı, “İmarət” fan klubunun bir tədbirində söz alıb xahiş etmişdin ki, Qarabağ qaziləri müharibədə olanlardan danışsınlar.
- Həqiqətən o hadisələr çox maraqlıdı mənə, çox. Onların hər biri bizim böyük qəhrəmanlarımızdır. Adicə küçədə 1 nəfər 10 nəfərə qarşı təkbaşına gedib dalaşıb döyülsə də, daha hörmətli olur, nəinki 10 nəfər 10 nəfərə qarşı dalaşanda. Mənim üçün də o perioddakı şəhidlər, qazilər davaya tək gedib döyülən insanlar kimidilər. Nəyə görə? Çünki onların arxalarında o vaxt güclü dövlət, vahid bir ordu yox idi. Faktiki olaraq ordusuz vuruşurdular. Sədəcə əllərinə silah alıb, gedib vətən üçün döyüşürdülər. Hərdən fikirləşirəm, görəsən, mən də o şəhidlər, qazilər kimi hərəkət edərdimmi? Qarşında arxasında güclü qüvvələrin dayandığı ordu vardı. Bilirik ki, ermənilər tək deyildi. Onların başları və gücləri üçün deyildi bizimlə üzbəüz gəlmək. Hətta biz əlimizdə lopatka, baltayla erməniləri qovardıq. Biz bilirdik, əslində kimlə döyüşürdük. Ciddi, təşkilatlanmış, təcrübəli ordu ilə. Hər gün olmasa belə, ayda yarım saat, bir saat internetdə Qarabağla bağlı videolara baxıram. Amma əsir və girovlarla bağlı kadrlar da olur, onlara baxa bilmirəm. Onda ürəyim sanki yerindən çıxır, partlayır. Elə ermənilər var ki, onları yaddaşımda saxlayıram. Fikirləşirəm ki, bəlkə bir gün nəsib olar, onlarla qarşılaşaram.
- Kimlər var ki yaddaşında?
- Xocalı hadisələrində xüsusilə öndə gedənlər var. Əsas da biri var, düzdü, yaşlıdı.
- Zori Balayan?
- Hə. Çox istəyərəm ki, elə insanlar Azərbaycanın əlinə düşsün.
- Xocalı faciəsi zamanı əsirlərin geri qaytarılmasında sənin sələfin – “Qarabağ”ın kapitanı olmuş Milli Qəhrəman Allahverdi Bağırovun böyuk xidmətlərini hamımız minnətdarlıqla xatırlayırıq. Hər oyununuzdan əvvəl azarkeşləriniz onun pankartını açırlar. Bu, sənə necə təsir edir?
- Onun şəklini, “Bağırovun əsgərləri” şüarını görmək xüsusilə təsirli olur. Məndə belə bir xasiyyət var. Oyun başlamazdan əvvəl həmişə bizim azarkeşlərin açdıqları pankartlara göz gəzdirirəm. Adətən, “İmarət”in sektorunda belə pankartlar olur. Azarkeşlərimiz bilsin ki, bunlar nə qədər çox olsa, bizə xoşdu. Xüsusilə də yerli futbolçulara.
- Onun təsiri olur oyununuza?
- Əlbəttə. Ümumiyyətlə, “Qarabağ” komandasının üzərində Qarabağ adının təsiri çoxdu. “Mançester Yunayted”də oyunçular zamanla dəyişirdi, amma klubun ruhu qalırdı. Bizim komandada da Qarabağ ruhu yaranıb. Güclüyük, zəifik, necəyik, nə cürük, amma birinci növbədə vuruşqanlıq yaranıb bizdə. Və hər matçda sanki oyuna yox, döyüşə çıxırıq.
Sizə bir fakt deyim. 2009-cu ildə, “Rusenborq”la oynayırdıq. Rəqib də çox güclü idi, yadınıza gələr. Cavab oyunu Ağdamın işğalı gününə təsadüf edirdi. Onda cəmi bir legionerimiz vardı. Heyətimiz əsasən gənclərdən qurulmuşdu. Qurban müəllim oyundan əvvəl öz söhbətləri, seçdiyi mövzularla bizə Qarabağda baş verən hadisələri yaşadırdı. Deyirdi ki, oyun Ağdamın işğalı gününə düşüb, bu, təsadüfi deyil. Oyundan əvvəl yenə də dedi: “İnsanlar Qarabağda canlarından keçib, qan töküb, yaxınlarını itiriblər, bu qədər qaçqın və məcburi köçkün var. Biz bu gün qazandığımız qələbə ilə onlara bir balaca da olsa təsəlli verə bilərik”. Bu söhbətlərin müsbət təsiri oldu və həmin matçda sensasiyaya imza ataraq qalib gəldik. Mənim həyatımdakı ən önəmli oyunlardan biri idi o matç. Yeganə qolu da mən vurmuşdum.
- Oyun öncəsi belə söhbətlər yenə olur?
- Daha yox. Çünki bəzi söhbətləri daim edəndə görürsən ki, ucuzlaşır. Həm də artıq komanda da güclənib. Amma kritik oyunlar ərəfəsi bu cür söhbətlər olur. Bir də görəndə ki, futbolçular intizamsız hərəkət edir, lazımsız yerə qırmızı vərəqə alıb komandanı çətin vəziyyətə qoyurlar, bax onda Qurban müəllim sərt üzünü göstərir ki, unutmayın biz kimləri - bir milyon məcburi köçkünü, 10 milyonluq xalqı təmsil edirik.