Ağasəlim Mircavadov: "Farer adalarına zəif demək düzgün olmaz"

16:16 - 11 Oktyabr 2018

"Bu, futboldur. Hər şeyə hazır olmaq lazımdır. Bugünkü oyun böyük bir şansdır. İtirdiyimiz xalların bir hissəsini bu matçdan çıxara bilərik".

 

Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib. Təcrübəli mütəxəssis millimizin bu gün Millətlər Liqasında Farer adalarına qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb:

 

"Farer adaları heç vaxt uğur qazanmayıb. Cırtdan yerdir. Ora getmək də çətindir. Bizim U-21 millimiz bu ölkəylə qarşılaşıb. Meydanları da süni örtükdür. U-21 millimizin oyununda Farer adalarının oyunçularına diqqətlə baxırdım. Onlar maraqlı qərar çıxarıblar. Belə ki, Danimarkanın U-17, U-19 və U-21 millilərinə düşə bilməyən futbolçu Farer adaları üçün oynayır. 4-5 nəfər seçilən futbolçu var idi, xüsusən də hücumçusu (Ari Yonsson) yaxşı idi. O, "Dalğa Arena"dakı oyunda (1:1) qol da vurmuşdu. Yanımda əyləşən klub məşqçilərinə də həmin futbolçunu göstərmişdim ki, hücumçu axtarırsınız, baxın, maraqlanın. Hamı inkişafa doğru gedir. Farer adaları Maltanı evdə məğlub edib. Kosovo ilə səfərdə ilk hissədə yaxşı oynamışdılar. Lakin 2-ci hissədə futbolçuların ustalıq səviyyəsi öz sözünü dedi. Desək ki, rəqib zəifdir, düz olmaz. Amma güclü də deyillər. Hava toplarında yaxşı çıxış edirlər, ucaboy futbolçuları var. Künc zərbələri və standart vəziyyətlərdə diqqətli olmaq lazımdır. Məncə, bu oyunda qalib gələ bilərik".

 

Ağasəlim Mircavadov UEFA Millətlər Liqasının zəif ölkələr üçün yaxşı şans olduğunu vurğulayıb: 

 

"UEFA bu turniri yaratmaqla bizi kimi ölkələr şans yaratdı. Fransa, İtaliya və Belçika kimi yığmalarla oyunda nəsə etmək olmur. Bu, şansdır və istifadə etmək lazımdır"

Xəbər xətti