Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç "CBC Sport"da "Bizim futbol" verilişinin qonağı olub.
Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis AÇ-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə oyunlar üçün açıqladığı heyətlə bağlı danışıb:
"Yığmaya 24 meydan oyunçusu və 3 qapıçını dəvət etmişik. Bizim üçün heyət müəyyənləşdirmək heç də asan deyil. Çünki müxtəlif çempionatlar fərqli vaxtda bitir. 4 futbolçu hazırlığın son həftəsində bizə qoşulacaq. Heyətin geniş olmasının səbəbi də hamının eyni anda toplana bilməməsidir".
52 yaşlı çalışdırcı yığmanın Macarıstan və Slovakiya ilə oyunlarda şansının olduğunu bildirib:
"Xorvatiya kimi komandaya qarşı taktiki baxımdan milli zəif təsir bağışlamadı. Nəticə də heç də pis olmadı. Qarşıda bizi iki fərqli komanda gözləyir. Hər ikisi heyətinə görə keyfiyyətli komandadır. Hesab edirəm ki, onlara qarşı bizim şansımız var. Şansımızın olduğunu deyiriksə, qol vuracağımızı düşünürüksə, deməli, hücum etməliyik. Hücum edəcəyimizi deyiriksə, heyətdə ön xətt oyunçularının çox olması başa düşüləndir. Ümid edirəm ki, bu oyunlarda şanslarımız olacaq və bunlardan lazım olan şəkildə yararlana biləcəyik".
Yurçeviç Azərbaycan millisinin qrupdakı şansları barədə bunları deyib:
"Sözsüz, bizim şansımız var. Bir tərəfdən də realist olmalıyıq. Bütün oyunlarda rəqiblərimiz bizə qarşı favorit olacaq. Bu o demək deyil ki, biz oynamayacağıq, ancaq özümüzdən razı ola bilmərik. Tərəfdarı deyiləm ki, oyundan öncə çox danışasan, ancaq meydanda heç nə alınmasın. Xorvatiya ilə matçdakı kimi, az olan şansımızdan yararlanmalıyıq. Bütün bunların alınması üçün bizdə böyük komanda ruhu olmalıdır. Əzmkarlıq olmalıdır və 3-4 futbolçu olmalıdır ki, irəli oynasın, rəqibə başağrı olsun və komandaya ilham versin. Üzüağ çıxmağımız üçün bunlar şərtlərdir. Bunlar olsa, oyunlardan yaxşı nəticə ilə ayrıla biləcəyik. Komandada atmosfer yaxşıdır. Hamı xoş görünür. Ümid edirəm ki, stadion dolu olacaq və hər kəs bizi qələbəyə səsləyəcək. Hər kiçik şeydən böyük qüvvə yaranır. Yalnız Macarıstanla oyunu düşünürük. Daha sonra Slovakiya ilə matça köklənəcəyik. Həmişə oyundan-oyuna danışmağın tərəfdarıyam".
saytlarin hazirlanmasi